Türkiyədə baş vermiş zəlzələ Azərbaycana təsir edə bilərmi? - AÇIQLAMA
02.11.2020 15:40 Sosreaksiya 654
Türkiyənin İzmir bölgəsində dağıntılar və tələfatla nəticələnən zəlzələ məsafə etibarı ilə bizim zəlzələ ocaqlarının heç birinə təsir göstərməyib.
Bunu Reaksiya.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Türkiyədə Egey dənizində baş verən son dəhşətli zəlzələnin bizim regiona aidiyyatı yoxdur: "İzmir ərazisində dağıntılar və insan tələfatı ilə nəticələnən zəlzələ geoloji quruluş cəhətdən yaxın ərazidə bir tektonik qırılma boyu hər hansı bir ocaq yerləşərsə həmin ocaqda zəlzələ baş verməyinə hazırıq gedə bilər. Həmin ocaqda sıxılma, genişlənmə, aktivlik varsa onu tezləşdirib oyada bilər. Bizim ərazidə həmin zəlzələ heç hiss olunmayıb". - bildirib.
Professor Qurban Yetirmişli Azərbaycanın öz ərazisində zəlzələ ocaqlarının aktivliyinə də aydınlıq gətirdi.
"Azərbaycan zəlzələ ocaqlarında xırda təkanlar var. Elə gün olmur ki, 10, 20, 30 dəfə təkanlar olmasın. Bunlar hamısı zəif, hiss olunmayacaq təkanlardır. Bunları cihazlar qeydə alır. Ümumiyyətlə yerin daxilində hərəkətlər var. Piltələrin hərəkətləri, piltələr daxili parçalanmış blokların hərəkəti bu təkanları yaradır. Yerin daxilində həmişə geodinamik proseslər gedir". - Professor izah edib.
Mərkəzin baş direktoru Qurban Yetirmişli İzmirdə zəlzələ baş verən andan orda davamlı afterşokların Azərbaycandan da izlənildiyini qeyd edib. Həmin afterşokların hələ uzun müddət davam edəcəyini bildirən professor hətta ara-sıra maqniturası 5 bala çatdığını bildirib.
"İl ərzində təkcə Azərbaycanın özündə 4000-5000-nə kimi yeraltı təkanlar olur. İlin əvvəlindən bu vaxta qədər 16 ədəd zəif də olsa hiss olunan 3-4 bal, hətta ondan bir qədər də aşağı zəlzələlər baş verib. Həmin dövrü ümumi götürdükdə isə 3000-ə yaxın yeraltı təkan qeydə alınıb. Amma Azərbaycanda hər hansı həyəcan yaradacaq, dağıntılara səbəb olacaq zəlzələ gözlənilmir". - Qurban Yetirmişli deyib.
Nübar Lətifli
Şərhlər