Koronavirus sürətlə yayılır: Günahkar kimdir? - Ekspert açıqladı

05.11.2020 23:32     Sosreaksiya     688

Bildiyimiz kimi bu gün koronavirusa yoluxanların yeni rekord sayı açıqlanıb. Yoluxmanın qarşısının alınması üçün ölkəmizdə kifayət qədər işlər görülmür.

Bu sözləri Reaksiya.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu koronavirusdan qorunmaq yollarını şərh edərkən bildirib. O qeyd edib ki, yoluxma sayının artmasının səbəbi təkcə mövsümün xüsusiyyətləri deyil:

“Xəstələrin sayının bu qədər çoxalmasının səbəbini bir çoxları mövsümün dəyişməsində, havaların pisləşməsində görürlər. Amma, bizdə yoluxma sayının belə artmasının səbəbi təkcə mövsümün xüsusiyyətləri deyil. Həm də özümüzün sosial sferada bir sıra tədbirləri görməməyimizdədir. Hansı ki, o tədbirləri görmək elə də çətin deyil. O tədbirləri görməmizin əsas səbəbləri bunlardır:

1. səhlənkarlıq;

2) avamlıq;

3) naşılıq;

4) bəzi məmurların ucuz ambisiyaları”.

Sosioloq fevral ayından indiyə qədər müxtəlif televiziya kanallarında, saytlarda və qəzetlərdə bu mövzu ilə bağlı 30-dan artıq müsahibə verdiyini, xəstəliklə bağlı mübarizədə ciddi nəticələr verməsi üçün ilk növbədə əhalinin hazırlanmalı olduğunu vurğulayıb:

“Əhalinin dalınca gileylənməklə iş bitmir. Bunlar bizim əhalidir və xəstəliyə qalib gəlməmiz üçün onların davranışı həlledici rol oynayır. Bunun üçün müasir tələblərə cavab verən, elmi təminat əsasında hazırlanmış fəaliyyət proqramlarına ehtiyac var. Dəfələrlə konkret tədbirlər planı təklif etmişəm. Lakin, aidiyyəti qurumlardan reaksiya olmayıb”.

Rayonlarda koronovirusadan qorunmaq, məhdudiyyətlərə əməl etmək sahəsində həyacanlı bir vəziyyət olduğunu bildirən Əhməd Qəşəmoğlu, insanların bir çoxunun bu xəstəliyə qarşı etinasızlığından gileylənib:

“Kənd yerlərində haradasa bir nəfər rəhmətə getdəndə, əvvəlki qayda ilə yas mərasimləri saxlanılır. Əgər kimsə ehtiyat edib həmin yas məclisinə getməsə, kənd camaatının çoxu həmin adamı qınayır, dalınca danışır, gözdən salmağa çalışır. Kənddə, elə həmin yas yerində maska taxana lağ edirlər. Hətta mövsümi qrip xəstəliyinə tutulmuş adamlara maska geyindirmək mümkün olmur. Belə insanlar sanki qəhramanlıq edirlərmiş kimi: - mən bu xəstəliyə inanmıram, deyib dururlar.

Bakı şəhərinin özündə də əhalinin maarifləndirilməsinə, koronavirusla mübarizəyə hazırlanmasına böyük ehtiyac var. Avtobuslarda maska taxmayanlar, yaxud formal olaraq taxanlar az deyil. İaşə müəssisələrində təhlükəsizlik tədbirləri lazımi səviyyədə deyil. Hələ də qucaqlaşıb öpüşənlər, məhdudiyyətlərə əməl etməyənlər olduqca çoxdur. Bu vəziyyəti ortadan götürmək yalnız inzibati tədbirlər vasitəsi ilə mümkün deyildir. Əhalinin özü bu vəziyyəti tənzimləməlidir. Təbii ki, bunun üçünsə əhalini, yuxarıda qeyd edildiyi kimi, hökmən müasir elmi tələblər əsasında hazırlamaq lazımdır”.

Ə. Qəşəmoğlu virusa qarşı bir neçə tədbirin vacibliyini vurğulayıb:

1. Ölkədə ən əhatəli, səlahiyyətli şəbəkə olan icra hakimiyyəti şəbəkəsinin bu sahəyə məsuliyyəti artırılmalıdır. Onların hər biri fəaliyyətdə olduqları ərazilərdə - şəhərlərdə, qəsəbələrdə, kəndlərdə ciddi fəaliyyət göstərməlidirlər. Misal üçün, hər bir kənddəki icra nümayəndəsi kənddəki ictimai rəy liderlərini bir yerə toplayıb, onlarla vəziyyəti dərindən müzakirə etməli, təlimatlar və təşviqat materialları verməlidir. Kənd əhalisinin belə bir xüsusiyyəti var: öz kəndindəki sözünə inandığı adamlardan - rəy liderlərindən eşitdiyinə daha çox inanır. Rəy liderləri əhalini vəziyyətin nə qədər təhlükəli olduğuna inandırmalıdır. Xəstəliyin yayılması ilə bağlı məhdudiyyətlərə əməl etməyənlər inzibati olaraq cəzalandırılmalıdır. Ərazisində belə hadisələr baş verən icra nümayəndələri də məsuliyyətə cəlb edilməlidir.

2. Xəstəliyini bilib gizlədənlər məsuliyyətə cəlb edilməli, cəzalandırılmalıdırlar.

3. Ordumuzun müharibədə əldə etdikləri uğurlar əhalinin əhval-ruhiyyəsini xeyli yüksəldib, onlarda sabah inam hissini olduqca artırıb. Yerlərdə məmurlar bu ovqatın daha da yüksək olması üçün öz öhdələrinə düşən işi də layiqli şəkildə görməlidir. Camaatda ruh düşkünlüyü yaradan fəaliyyətə yol vermək olmaz. İndi kimi, hansı məmuru dindirsək, onlar prezidentimizin, ordumuzun uğurları ilə fəxr etdiklərini deyəcək. İstər məmur, istər vətəndaş öz prezidentinə, ordusuna məhəbbətini fəaliyyəti ilə isbat etməlidir.

4.Din xadimləri ciddi fəaliyyətə keçməli, yas yerlərinin indiki şəkildə davam etməsinə qarşı öz metodları ilə ciddi məhdudiyyət qoymalıdırlar. Bu yas mərasimlərində verilən ehsanın əslində, insanların səhhəti üçün təhlükəli olduğunu elan etməlidirlər.

5.Kənd əhalisinə maddi cəhətdən ciddi kömək etmək üçün onlardan kənd təsərrüfatı məhsulları elə öz qapılarında satın alınmalı və Bakıda təşkil edilmiş bazarlara daşınmalıdır. Bu həm kənd əhalisinə maddi cəhətdən kömək olar, həm də Bakıda kənd təsərrüfatı məhsullarının, meyvə tərəvəzin qiymətini aşağı salar. Bu da öz növbəsində bakılıların immunitetini qaldırmağa kömək edər.

6. QHT-lər, ictimai təşkilatlar bu sahədəki fəaliyyətə cəlb edilməlidir. Onlar informasiyaların toplanmasında, sosioloji araşdırmalar aparmaqda, müasir tələblərə cavab verən maarifləndirmə işində mühüm kömək edə bilərlər”.

Nübar Lətifli \ Reaksiya.az

 

Şərhlər