Avtobus sürücülərinin özbaşınalığı sərnişinləri boğaza yığıb - SORĞU

15.08.2015 15:00     Sosreaksiya     2393

Bakıdan rayonlara, yaxud geriyə gələn sərnişinlərin qarşılaşdığı ən böyük çətinliklərdən biri avtovağzaldakı süni qiymət artımıdır. Bu məsələ, xüsusilə bayram günlərində daha da aktuallaşır, ancaq sərnişinlər adi günlərdə də eyni problemlə üzləşir. Gediş-gəliş üçün nəzərdə tutulan rəsmi qiymətlərlə sürücülərin "qiymətləri" üst-üstə düşmür.

Məsələ ilə bağlı Facebook sosial şəbəkəsində sorğu keçirdik. Nəticədə çox sayda istifadəçilərin şikayəti ilə qarşılaşdıq.

Reaksiya.az onlardan bir hissəsini sizə təqdim edir:

Gəncə şəhər sakini Almaz İbrahimova yazıb ki, biletlərin qiyməti həm də hardan alınmasından asılı olaraq dəyişir: "İnternetdən aldıqda 5,58 AZN, kassadan aldıqda isə 6 AZN, əldən aldıqda isə hətta 7 AZN-ə başa gəlir".

Şəmkir sakini Həsən Əliyev də eyni problemdən əziyyət çəkir. Elə bu gün Şəmkirdən Bakıya gəlmək istədikdə sürücü ondan 10 manat ödəniş etməyini tələb edib. Halbuki rəsmi qiyməti 6,16 AZN-dir.

Qusar sakini Rəhman Məmmədli isə qeyd edib ki, Qusara getməyə rəsmi məbləğ 2 manat 50 qəpik olsa da, biletə 4 AZN verməli olub.  

Bakı Dövlət Universitetinin tələbəsi Faiq Kərimli eyni problemlə Balakən-Bakı avtobusunda qarşılaşıb. Belə ki, o, 7 manat 6 qəpik ödəməli olduğu halda, sürücü ondan 10 manatdan ucuz Bakıya gedə bilməyəcəyini bildirib.

Bakı şəhər sakini Xanım Bağırlı isə vurğulayıb ki, eyni problem təkcə daxili marşrutlarda deyil, həmçinin ölkə xaricinə gedən avtobuslarda da müşahidə olunur. Maraqlıdır ki, Bakıdan Tiflisə getmək istəyəndə əgər bileti internetdən alsanız, 12 AZN, kassadan aldıqda isə 13 AZN ödəməlisiniz. Nəyə görə əlavə olaraq 1 manat ödədiyinizi isə sizə heç kim izah etmir. Tək deyilən söz: “Qayda budur”.

Tiflisə gedərkən rəsmi qiymətdən çox ödəməli olanlardan biri isə  Gəncə şəhər sakini Şünasi Lətifzadədir. O deyib ki, Gəncədən Tiflisə gedən avtobusun qiyməti 3 manat 14 qəpik olsa da, bileti 7 manata ala bilir.

Qiymətlərdəki bu fərqlərin nədən qaynaqlandığını və qarşısının alınması üçün hansı tədbirlərin görüldüyünü öyrənmək üçün  Nəqliyyat Nazirliyi ilə əlaqə saxlasaq da zənglərimiz cavabsız qaldı.

Qarşı tərəfin fikrini dərc etməyə hazırıq. 

 

Şərhlər

Çox oxunanlar