“Qadının ailədə rolu" ilə bağlı sorğu təşkil edilib - FOTOLAR

15.08.2015 17:08     Sosreaksiya     2831

“SAF Həyat Naminə” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 03 avqust 2015-ci il tarixindən başlayaraq 8 gün müddətində Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında həyata keçirdiyi “Qadının ailədə rolu" ilə bağlı sorğunu təşkil etmişdir.

Tədbirin təşkilində əsas məqsəd bu istiqamətdə “Televiziya verilişi və sosial çarxın hazırlanması” adlı layihənin mahiyyətinin əsası kimi dəyərləndirilməsindən ibarətdir.

Reaksiya.az xəbər verir ki, tədbirlərin mövzusu birbaşa qadınların ailədəki rolunun və onlara qarşı ailədəki sosial-psixoloji mühitin araşdırılmasına, eyni zamanda təhlil olunmasına həsr olunub. Layihənin ilkin mərhələsində sosioloq Sərdar Mahmudov tərəfindən yuxarıda adı çəkilən rayonlarda cəmi 200 qadın olmaqla sorğular keçirilib. 30 sualdan ibarət olan anketlər müxtəlif sualları əhatə edib. Demək olar ki, suallar qadınlar tərəfindən tam olaraq cavablandırılıb. Sorğuların nəticələri müəyyənləşdikdən sonra bu istiqamətdə məlumatlandırma işinə böyük eytiyac olduğu üzə çıxıb. Birlik qadınların səlahiyyətlərinin mənəvi və hüquqi tənzimlənməsi sahəsində maarifləndirmə işi aparmaq məqsədilə layihə çərçivəsində yuxarıda adı çəkilən rayonların hər birindən yenə də 50 qadın olmaqla auditoriya şəraitində tədbirlər- "dəyirmi masa"lar təşkil edib.

"Dəyirmi masa" birliyin rəhbəri Səbinə Abbasova, ekspert Nailə İsmayılova, hüquqşünas Sevinc Nəcəfovanın iştirakı ilə interaktiv şəkildə keçirilib.

"Dəyirmi masa" iştirakçıları-xanımların hər biri öz şəxsi həyatları ilə bağlı ailədaxili səlahiyyətləri barəsində geniş məlumatlar veriblər. Eyni zamanda onlar qonaqlara müxtəlif suallar ünvanlayıblar. Birliyin layihə çərçivəsində hazırladığı on dəqiqəlik “Şirin ev” videoçarxının sujet xətti hər kəsin diqqətini özünə cəlb edib və orada nümayiş olunan “ideal ailə” tablosu müzakirə mövzusuna çevrilib.

Layihənin növbəti mərhələsi üzrə Xaçmaz rayonunda fəaliyyət göstərən RTV kanalı vasitəsilə layihə rəhbəri Səbinə Abbasova və ekspert Nailə İsmayılovanın iştirakı ilə veriliş-xüsusi buraxılış hazırlanıb ki, burada qadının ailə və cəmiyyətdəki rolu barəsində geniş müzakirələr aparılıb.

 

Şərhlər

Çox oxunanlar