Yeni karantin qaydaları qəzet satışını da əngəllədi: - redaksiyaların qərarı nə olacaq?
21.11.2020 18:20 Sosreaksiya 595
Məlum olduğu kimi, ölkədə koronavirus pandemiyası ilə bağlı vəziyyətin kəskinləşməsi ilə əlaqədar olaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bu gündən, yəni 2020-ci il 21 noyabr saat 00:00-dan 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılır. Sözügedən dövrdə KİV-in fəaliyyətinə icazə verilsə də, bu qadağalar qəzet köşklərini də əhatə etdiyindən şənbə və bazar günləri üçün çap olunan mətbuat vasitələrinin yayımı məhdudlaşdırılır.
Gündəlik nəşr olunan “Yeni Müsavat” qəzeti də bu gün qeyd etdiyimiz problemlə üzləşib. Belə ki, aidiyyəti qurumlar tərəfindən qəzet köşkləri qapadıldığından 21-22 noyabr tarixli nömrəmizin oxuculara çatdırılması mümkün olmayıb.
Məsələ ilə bağlı açıqlama verən, “Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov bildirdi ki, əgər edilən müraciətlərdən sonra qaydalar qəzet yayımçıları üçün yumşaldılmasa, yeni qrafiklə işləmək məcburiyyətində qalacaqlar: “Bu gün səhər qəzet köşklərinin satıcıları bizə məlumat verdilər ki, karantin rejiminin yeni qaydalarına görə, şəhərdə açıq olan bütün qəzet köşklərini bağlayıb, sahiblərini də cərimələyiblər. Məsələ burasındadır ki, karantin günlərində kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə verilib. Bizim dünən işləyib çapa göndərdiyimiz qəzet bu gün satışa çıxır. Bu gün isə təəssüf ki, şənbə günü olduğundan satışa icazə verilmir. Nəticədə dünən istehsal etdiyimiz məhsul bu gün satışa çıxmır və oxuculara çatmır. Bununla bağlı əlaqədar təşkilatlara müraciət edib vəziyyəti izah etdik.
Onlar bu məsələyə baxacaqlarını bildirdilər. Lakin bununla belə, ehtiyat variant kimi yeni qrafik barədə düşündük. Qəzet köşklərinin şənbə və bazar günü fəaliyyət göstərməsinə icazə verilməsə, biz qəzetin şənbə günü çıxan sayını həftənin bazar ertəsi gününə keçirəcəyik. Dövriyyəmiz yenə həftədə 5 dəfə olacaq, redaksiya əməkdaşları bazar günü işə çıxacaq və həmin qəzeti 1-ci gün satışa buraxacağıq. Ehtiyat variant kimi bunu nəzərdə tutmuşuq. Digər qəzet redaksiyaları ilə də müzakirə aparırıq. Əgər qaydalar dəyişməyəcəksə, biz qadağanın qüvvədə olduğu müddətdə bu qrafikə keçməyə məcbur olacağıq”.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Mətbuat Şurasının sədri Əflatun Amaşov da vurğuladı ki, bu bir anlaşılmazlıq nəticəsində baş verib: “Koronavirusla bağlı karantin rejiminin tətbiq olunduğu bütün dövrlərdə mətbuat fəaliyyətinə icazə verilən sahələr kimi qeyd olunub. Həmin günlərdə eyni zamanda, jurnalistlərin hərəkət və fəaliyyət azadlığı da nəzərə alınıb. Son günlərdə vəziyyətin kəskinləşməsinə gəlincə, bütün dünyada olduğu kimi ölkəmizdə də yoluxanların sayı ciddi şəkildə artıb, rekord rəqəmlər qeydə alınır, gündəlik yoluxma 3 min nəfərdən çoxdur. Şənbə və bazar günlərində ərzaq mağazaları və apteklərdən başqa heç bir yer fəaliyyət göstərməyəcək. Küçələrdə karantin rejimi ilə bağlı tələblər çox ciddiləşib, nəzarət artıb. Hətta açıq havada da insanların maska taxması tələb olunur, ictimai nəqliyyat işləmir. Belə bir vaxtda bəzi insanlar məlumatları daha çox qəzetlərdən almağa üstünlük verirlər. Bunu da nəzərə almalıyıq”.
Ə.Amaşov vurğuladı ki, hazırda Mətbuat Şurası olaraq müxtəlif qurumlarla danışıqlar aparırlar: “Mən əminəm ki, bu vəziyyət anlaşılmazlıq nəticəsində baş verib. Ya əvvəldən qəzet redaksiyalarına məlumat vermək lazım idi ki, satışla bağlı məhdudiyyət olacaq, ya da hansısa formada bu məsələyə aydınlıq gətirilməli idi. Artıq günortadan keçib, bu gün üçün hər hansı dəyişiklik etmək gecdir. Mən əminəm ki, növbəti həftələrdə bu cür hallar baş verməyəcək. Əgər qaydalar dəyişməzsə, o zaman öncədən məlumat verilməlidir ki, qəzetlərin satışı mümkün olmayacaq. Çünki bu durum təkcə qəzetlərlə bağlı deyil, burada nəşriyyat, mətbəələr, yayım firmaları işləyir. Bu kompleks bir məsələdir və bu gün bir anlaşılmazlıq olub. Biz məsələni diqqətdə saxlayacağıq”.
Reaksiya.az
Şərhlər