Smart-kart tipli su sayğaclarının quraşdırılması davam etdirilir

16.08.2015 11:13     Sosreaksiya     2399

İstehlakçılara verilən içməli suyun dəqiq uçotunun aparılması, ödəniş səviyyəsinin yüksəldilməsi, debitor borc probleminin aradan qaldırılması, israfçılığın və su itkilərinin qarşısının alınması məqsədilə ön ödənişli smart-kart tipli su sayğaclarının quraşdırılması istiqamətində işlər 2015-ci ilin birinci yarısında intensiv qaydada davam etdirilmişdir. Bu barədə Reaksiya.az-a Azərsu ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib. Onun sözlərinə görə 2015-ci ilin yanvar-iyun ayları ərzində  “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də regionlarda 26800 su sayğacı quraşdırılmışdır. Quraşdırılmış sayğacların 20500 ədədi əhali, 6300 min ədədi isə qeyri əhali qrupunun payına düşür. “Hesabat dövründə quraşdırılmış sayğacların 19728 ədədini smart sayğaclar təşkil etmişdir.  Smart sayğacların 15297-i Bakı şəhəri və Abşeron yarımadası üzrə xidmət göstərilən ərazilərdə, 4431 ədədi isə regionlarda quraşdırılmışdır. Respublikanın şəhər və rayon mərkəzlərində yeni su və kanalizasiya layihələrinin icrası çərçivəsində abunəçilər smart sayğaclarla təmin olunması istiqamətində işlər davam etdirilir.”

Həmçinin smart sayğacların tətbiqinə başlanıldığı 2012-ci ildən indiyədək quraşdırılmış sayğacların ümumi sayı 372 minə çatmışdır. İndiyə qədər quraşdırılmış sayğacların 336 min ədədi əhali, 36 min ədədi isə qeyri əhali qrupu abunəçilərinin payına düşür. Təhlillər göstərir ki, smart-kart tipli sayğaclar quraşdırıldıqdan sonra abunəçilərin su itkiləri azalaraq satış həcmi artmış, eyni zamanda  həmin abunəçilər üzrə ödəniş 100 % təmin olunmuşdur.

Qeyd edək ki, 2015-ci ilin birinci yarısında sukanal  idarələrinin xidmət göstərdiyi ərazilərin hüdudlarında magistral xətlər üzərində  72 ədəd elektromaqnit fləns tipli KROHNE su sayğacları quraşdırılaraq istismara verilmişdir. 

 

Şərhlər

Çox oxunanlar