Fransız jurnalist erməni vəhşiliyindən yazdı
02.02.2021 20:34 Sosreaksiya 524
Fransanın “Atlantico” portalında jurnalist Sebastyan Bussuanın “Dağlıq Qarabağ: 27 il əvvəl didərgin salındıqları torpaqlara qayıtmaq istəyən köçkünlərlə görüş” adlı məqaləsi dərc edilib.
Reaksiya.az-ın məlumatına görə, məqalədə deyilir ki, bu, faciəli insan hekayəsidir. Otuz il əvvəl Birinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən torpaqları işğal edilmiş və doğma evlərindən didərgin salınmış 800 minə yaxın azərbaycanlı məcburi köçkün ötən müddət ərzində qayıdışlarını gözləyiblər. Ermənistanla 44 günlük müharibədə qələbə qazanan Azərbaycan beynəlxalq hüquqla tanınan ərazilərini azad etdi. Torpaqları azad edilən yüz minlərlə azərbaycanlı tezliklə Zəngilan, Qubadlı və digər rayonlardakı evlərinə qayıtmaq arzusu ilə yaşayır. Onlar 30 ildən sonra yeni həyat qurmağı xəyallarında canlandırırlar.
Jurnalist Azərbaycanın azad etdiyi şəhərlərin və kəndlərin ermənilər tərəfindən dağıdılmasından da bəhs edir. Bildirir ki, yaşayış məskənləri ölüm kabusuna çevrilib, məscidlər tövlə kimi istifadə olunub, kitabxanalar talan edilib. Azərbaycan hökuməti dağıdılmış ərazilərdə infrastrukturun bərpasına başlayıb.
Bakıda yaşayan minlərlə məcburi köçkünün doğma yurdlarına qayıtmaq arzularından bəhs edən fransız jurnalist məqaləsində onların bəzilərinin fikirlərinə yer verib. Rəsul və Aygün köçkünlük həyatlarından, Ermənistanın işğalı nəticəsində doğma yurdlarından didərgin düşmüş həmvətənlərimizin yaşadıqları faciələrdən danışıblar. Onlar işğal nəticəsində dağıdılmış kəndlərini, evlərini yenidən qurmaq arzusu ilə yaşadıqlarını bildiriblər.
Məqalədə qeyd edilir ki, bu insanlar üçün ölkələri Azərbaycanın qələbəsi Prezident İlham Əliyevin qələbəsidir, eləcə də bütün köçkünlərin qələbəsidir.
Onlar tarixdə heç də bütün köçkünlərin belə bir fürsət əldə etmədiklərini, doğma yurdlarına qayıtmaq üçün səbirsizliklə gözlədiklərini qeyd edib, qayıdış planlarından, yeni həyat quracaqlarından danışıblar.
Fransız jurnalist yazır ki, söhbət etdiyi azərbaycanlı məcburi köçkünlərdə ermənilərə qarşı nifrət görmədi. O qeyd edir ki, əvvəllər bölgədə hökm sürmüş harmoniya zamanla yenidən bərpa olunacaq.
Şərhlər