Nazir qətlə yetirildi

16.08.2015 16:12     Sosreaksiya     2590

Pakistanın Pəncab əyalətində partlayış olub. Nəticədə əyalətin daxili işlər naziri Şuja Hanzadə qətlə yetirilib.

Reaksiya.az xəbər verir ki, hadisə Attok şəhərində qeydə alınıb.

O, yaşadığı evə təşkil edilən silahlı hücum nəticəsində həyatını itirib.

Attok şəhərinin rəsmiləri bildirib ki, partlayışın baş verdiyi binanın xarabalığından 10 cəsəd çıxarılıb. Nazirin cəsədinin isə hələ də çıxarılmadığı deyilir.

Dağıntı altında 20-dən çox adamın olduğu güman edilir. Partlayışda yaralanan 4 nəfər isə xəstəxanada müalicə altına alınıb.

Polis hadisənin intihar hücumu olduğunu təsdiq edib. Hücumu hələ heç bir qrup öz üzərinə götürməyib.

Nazir Hanzadə hadisə zamanı ofis kimi də istifadə etdiyi evində 25 tərəfdarı ilə bir araya gəlibmiş.

Pakistan Nazirlər Kabinetinin mətbuat xidmətindən edilən açıqlamada Baş nazir Navaz Şərifin hücumu pislədiyi bildirilib.

Hanzadə Pəncab əyalətində apardığı terrorla mübarizə əməliyyatları ilə tanınır. Onun terror təşkilatlarına qarşı uğurlu əməliyyatları səbəbiylə hədəfə alındığı güman edilir.

Əyalətdəki son əməliyyatda “Əl-Qaidə”nin Pakistan üzrə rəsmisi, Abdali kod adlı lideri öldürülmüşdü.

Şərhlər

Çox oxunanlar