Cəbrayıl Dövlətzadə ilə dost olan şəhid...
19.02.2021 22:31 Sosreaksiya 755
Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri də Həmidov İzzət Rövşən oğludur. 2000-ci il təvəllüdlü İzzət, oktyabrın 9-da Füzulinin Alıxanlı kəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O, bu zaman bir ilin əsgəri olub.
Reaksiya.az Qafqazinfo-ya istinadən xəbər verir ki, şəhidimizin anası Vəfa İsmayılova oğlu ilə bağlı xatirələri bizimlə bölüşüb. 3 oğul anasını olduğunu bildirən Vəfa xanımın sözlərinə görə, İzzət onların ən böyüyü olub:
“İzzət həm də ən ağıllı oğlum idi. 12 yaşına kimi rəqqas idi, telekanallara da dəvət edirdilər. Bir az böyüyüəndən sonra rəqsdən uzaqlaşdı. Eyni zamanda, uşaqlıqdan futbol həvəskarı idi. Bakının AZAL klubununun aşağı yaş qrupunda çıxış edirdi. İzzət əsgərliyə könüllü gedib. Çünki uşaqlıqdan böyrəyində, ayağında problem var idi deyə, hərbi xidmətə yararlı deyildi. Buna görə dövlət tərəfindən oğluma aylıq müavinət də verilirdi. Amma oğlum hərbi xidmətə getmək üçün həmin müavinətdən imtina etdi. Bir il hərbi komissarlığa gedib inad etdi ki, məni əsgərliyə aparın. Deyirdi ki, hərbi formanı geyinmək ən böyük arzumdur. Böyrəyindəki problemə görə oğlumdan xahiş etdim ki, futboldan uzaqlaşsın. Sonra AAFF Parkda lahmacun-pizza ustası kimi işləməyə başladı. İki ildən çox orada işlədi. Şəhid Cəbrayıl Dövlətzadə ilə bir yerdə işləyirdilər, dost idilər. Cəbrayıl da orada aşpaz idi”.
Fotoda Həmidov qardaşları: soldan sağa - Nurlan, İzzət, Elvin
Vəfa xanımın sözlərinə görə, İzzət şəhid olacağını anasına hələ uşaq ikən deyib:
“Bu sözünə görə həmişə onunla dalaşırdım. Onda heç müharibə də yox idi. İşindən çıxıb əsgərliyə getdi. İzzət kimi oğullar bir də dünyaya gəlməz. Şəhid olmamışdan iki gün öncə zəng edib halallıq aldı. Dedi, ana, burada deyirlər ki, şəhid ailələrinə pul verirlər, sənə görə çox sevindim. Dedim, oğlum, o nə sözdür deyirsən? Mən onu tək böyütmüşəm. Öz işimi də qurmuşam. Həmişə, hər an məni düşünüb. İzzət evimin böyüyü, dirəyi idi”.
Fotoda İzzət Həmidov anası Vəfa xanımla
Vəfa xanımın ortancıl oğlu, 2000-ci il təvəllüdlü Elvin də hərbi xidmətdədir. Anası hərbi xidmət müddətini bir aydan çoxdur başa vuran oğlunun evə buraxılmasını səbirsizliklə gözləyir.
Qeyd edək ki, əslən Qubadlıdan olan şəhidimiz ölümündən sonra Prezidentin sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.
Şərhlər