Siracla Məhərrəm bizdən nələr apardı...

04.06.2021 14:04     Sosreaksiya     473

 

Bütün itkilər ağırdır – istər şəxsi zəmində, istərsə də ictimai. Amma jurnalist ölümü - əgər o jurnalist həm də iş başındadırsa, vəzifəsini yerinə yetirirənkən həlak olursa - daha təsirlidir.

Bu gün Azərbaycan mediası Sirac Abışov və Məhərrəm İbrahimov qədər azaldı, cəmiyyətimiz isə Qarabağdakı dəhşətləri görən, onları çəkib tirajlayan, informasiya savaşında ön cəbhədə olan iki cüt göz itirdi...

Bütün itkilər - torpaq həsrəti ilə alışıb-yanan və bunun üçün postlardan yayınıb, yurduna bir an tez dönmək istəyənlərin minaya düşüb ölməsi dəhşətlidir.

Ancaq o torpaqlara yurdu görmək üçün yox, erməni vəhşiliyini göstərmək üçün; yurda dönüşümüzü tezləşdirmək və minaya düşənlərin sayını azaltmaq üçün; dünyanın görmək istəmədiyi vəhşətləri dünyanın gözünə soxmaq üçün gedənlərin bu yolda ölməsi daha təsirlidir.

...Hər bağlanan media qurumu, hər gözlənilməz jurnalist itkisi bizdən nəsə alıb aparır. Bəlkə də bunu anında hiss etmirik, ancaq təfəkkürümüzdə, altşüurumuzda bir travma qalır, bir hüceyrə ölür, orqanizmin bir əzası zədələnir sanki...

Bu gün iki həmkarımızın itkisi hər birimizin içindən keçdi...

Çox qəribədir – Şuşanı alan igidlərimizin itkisində bu sarsıntını yaşamırdıq. Bunun səbəbi sadəcə, Qələbə deyildi, yalnız və yalnız onların Şəhidliyə ucalması idi.

Şəhidlik elə bir zirvədir ki, ora ucalanların ağrısını içdən çəksək də, məqamına görə, yerinə görə ona sarsılmırıq...

Reaksiya.az

 

Şərhlər