Niyə Ceceli konsertinə icazə var, toylara yox? - Tural Abbaslı

07.06.2021 17:48     Sosreaksiya     937

Konsertə gedənlər sadə vətəndaşlardan daha çox özlərinin yaxınları olub. Özləri, özlərini cərməliyər sizcə?

Xəbər verdiyimiz kimi, iyunun 5-də "İstanbul Meyhanə Bilgəh" restoranında türkiyəli müğənni Mustafa Cecəlinin konserti keçirilib.

Sosial şəbəkələrdə yayılan görüntülərdən belə məlum olub ki, konsertdə karantin qaydaları kobud şəkildə pozulub.

Ceceli konserti cəmiyyətdə də geniş rezonans doğurub.  Cəmiyyət haqlı olaraq niyə toy qadağası götürülmür, amma insanlar konsertdə sosial məsafə saxlamadan iştirak edirlər?- deyə soruşur.

Reaksiya.az  məsələ ilə  bağlı “Ağ Partiya”nın sədri Tural Abbaslının mövqeyini öyrənməyə çalışıb.

 Azərbaycanda vəziyyət bu sahədə anormaldır. Çünki konkret olaraq qərar və tapşırıq yoxdur. Mənə maraqlıdır toylara icazə verilmir amma məlum olur ki, Mustafa Ceceli gəlir, Sərdar Ortac gəlir və ya özümüzkülər olsun. Kifayət qədər böyük kütlə qarşısında və qapalı məkanlarda tədbirlər keçirdirlər.
Qanunla əsaslandırırlar ki, toylara icazə yoxdur, lakin istirahət məkanlarında istirahət sərbəstdir. Halbuki toyların keçirildiyi məkanlar daha böyükdür və insanların sayı daha az olur. Mənə maraqlıdır DİN orada iştirak edənlərə nə deyə xəbərdarlıq edib? Xəbərdarlığa nə yazılıb? Bu məntiqsizdir! O zaman mən polis əməkdaşlarını dəvət edirəm "Bravo"nun, "Araz"ın və bütün böyük marketlərin kassalarının qabağına, getsinlər, görsünlər orda sosial məsafə qorunurmu?!
 - deyib.

Partiya sədri bildirib ki, bu məsələ ictimailəşib deyə buna reaksiya veriblər. Biz bunu deyirik ki, zatən olan olur. Yəni utopik qaydalarla, insanların həyata keçirə bilməyəcəyi və ya keçirməyəcəyi qadağalarla bu işləri tənzimləmək olmaz. Vəziyyət nəzərə alaraq real qərarlar verilməlidir, araşdırmalar aparılmalıdır. Operativ qərargah media və cəmiyyətin qulağına xoş gəlmək üçün qərarlar verir. Mən desəm ki, o konsertə niyə icazə verilib, camaat deyəcək ki, biz istirahət etmək istəyirik. Mən demirəm niyə icazə verilib. Mən deyirəm ki, niyə toylara icazə verilmir? Niyə kino - teatrlara və digər məkanların fəaliyətinə icazə verilmir? Orda daha rahat nəzarət edə bilərlər qaydara. Burda ayrı-seçkilik var. Fərz edək ki, o konsertdə bütün qaydalara əməl olunub. Bəs niyə toylara, sinema klublara və.s icazə verilmir? Mən düşünürəm ki, Operativ Qərargah bu məsələlərə ikili standartlarla yanaşır, heç bir elmi əsasa söykənmir və tez bir zamanda bu aradan qaldırılmalıdır. Əks təqdirdə bu cür narazılıqlar hələ çox olacaq.

Tural Abbaslı həmçinin bildirib ki, maraqlı olan məsələ odur ki, orda karantin qaydalarının kobud şəkildə pozulmasına rəğmən, heç bir cərimə tətbiq edilməyib. Amma bu qaydaları daha yumşaq şəkildə pozan, toy və ya digər mərasimlər keçirən sadə vətəndaşlar dərhal cərimələnir və mətbuata da bu barədə açıqlama verilir.

Konsertə biletin biri orta səviyyədə dolanan vətəndaşın  aylıq məvacibinizin yarısı, bəlkə də hamısı qədərdi. Demək ki, gedənlər sadə vətəndaşlardan daha çox özlərinin yaxınları olub. Özləri, özlərini cərməliyər sizcə?


 Kasıbın qurduğu mağarın başındakı çadırda beş dənə yamaq var, gedib onu cərimələyir. Ona da xəbərdarlıq elə də!

Həmçinin Azərbaycan da cərmələrin həcminin müəyyən olunması qaydası vətəndaşın sosial durumu ilə tərs mütənasibdir. Nə qədər kasıbsansa o qədər çox, nə qədər imkanlısansa o qədər az cərmələnirsən. 

Bir daha qeyd etmək istəyirəm ki, Operativ Qərargah bu məsələlərdə daha səmimi olmadır. Elmi araşdırmalara söykənən, real vəziyyəti nəzərə alan qərarlar qəbul etməlidir.

 

Şadman Şahbazlı

Reaksiya.az

Şərhlər