Cəbhə bölgəsi yoxdur amma düşmən həmin düşməndir - hərbi ekspert

09.06.2021 11:25     Sosreaksiya     444

Xəbər verdiyimiz kimi, iyunun 8-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Laçın rayonu sahəsində əlverişsiz hava şəraitindən istifadə edən Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu ərazimizə daxil olub.

Son zamanlar düşmən tərəfindən dövlət sərhəddimizi pozaraq təxribat törətmək cəhdləri artıb.

Bu cür halların davam edəcəyi təqdirdə Azərbaycan tərəfi hansı addımları atmalıdır?

Reaksiya.az baş verən hadisə ilə bağlı  hərbi ekspert Şair Ramaldanovdan münasibət öyrənməyə çalışıb.

Bildiyiniz kimi, hazırda biz dövlət sərhədini qururuq. Təbii ki, dövlət sərhədini quranda, biz bunu Ermənistanla, yəni , düşmən ölkəylə qururuq. Hazırda Ermənistanda seçki qabağı marafona çıxıblar, hakimiyyətə can atırlar. Bu səbəbdən orda müəyyən qüvvələr gərginliyə səbəb olacaq addımlar atırlar. Digər tərəfdən ordu rəhbərliyi ilə ölkə rəhbərliyi arasında ziddiyyətlərin olduğunu da bilirik. Əlbəttə Azərbaycan bu vəziyyətdə öz dövlət sərhədini quran zaman, mane olanlar da, təxribata əl atanlar da olacaq. Yəni bu təxribat - diversiya qrupları, təmas xətti, cəbhə bölgəsi olan zaman da var idi və bununla mübarizə aparırdıq.

 

Hazırda təmas xətti, cəbhə bölgəsi yoxdur amma, düşmən həmin düşməndir. Yəni ki, Ermənistan düşmənçilik mövqeyindən çəkilməyib. Bu təxribatlar var idi və bundan sonra da olacaq. Bunu bizim müvafiq güc strukturlarımız bilir. Bildiyiniz kimi müharibədən sonra müvafiq güc strukturlarımız böyük işlər görürlər, təhlillər aparırlar. Bunun nəticəsidir ki, biz bu təxribatların qarşısını müvəffəqiyyətlə alırıq və onlar öz niyyətlərinə çata bilmirlər. Bir daha qeyd etmək istəyirəm ki, bütün bunlar, sərhəddə və sərhədyanı ərazilərdə vəziyyəti gərginləşdirmək cəhdləri, Azərbaycanın adekvat addımlar atmasına hesablanıb. Onların məqsədi Rusiyaya və beynəlxalq təşkilatlara müraciət edib, Azərbaycanı işğalçı göstərməkdir. Bizim sərhəddə duran bütün hərbiçilərimiz yüksək peşəkarlıq və soyuqqanlılıqla bu təxribatların qarşısını alırlar.

Qeyd edək ki, dünən axşam saatlarında Müdafiə Nazirliyi  daha bir məlumat yayaraq bildirib ki, aparılmış əlavə araşdırmalar nəticəsində məlum olub ki, 2021-ci il iyunun 8-də Ermənistan-Azərbaycan sərhədinin Laçın rayonu ərazisində saxlanmış Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçusu Artur Kartanyan Azərbaycan ərazisinə təxribat-diversiya məqsədilə daxil olmayıb. Onun yolunu azaraq Azərbaycan sərhədini keçməsi müəyyən olunub.

A.Kartanyanın ilkin dindirmə əsnasında özünü şübhəli apardığına və qeyri-dəqiq cavab verdiyinə görə onun Ermənistan silahlı qüvvələrinin diversiya qrupunun hərbi qulluqçusu olması barədə şübhələr yaranıb.

Qeyd olunanları nəzərə alaraq, A.Kartanyan qarşı tərəfə geri təhvil verilmişdir.

Nazirlikdən bildirilib ki, bununla, Azərbaycan tərəfinin humanist davranışını növbəti dəfə nümayiş etdirərək ölkəmizə qarşı cinayət törətməmiş şəxsin geri qaytarılmasını təmin edirik.

Reaksiya.az

Şərhlər