Paşayeva Pakistanda nələrdən danışdı? - Mətn

09.06.2021 13:39     Sosreaksiya     360

MM-nın Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Parlament Assambleyasının II Ümumi Konfransında “İnkişaf və yoxsulluğun azaldılması üçün turizmin inkişafı” mövzulu sessiyasında məruzə ilə çıxış edib.

Reaksiya.az xəbər verir ki, Q.Paşayeva yoxsulluğun azaldılması və inkişafın Azərbaycan modeli haqqında ətraflı danışıb:

“Məşğulluq, sosial təminat, səhiyyə xidməti, ətraf mühit, mədəniyyətyönümlülük, infrastrukturlaşma – bir-biri ilə biləvasitə bağlılığı olan və olmayan bu fərqli sahə və kateqoriyalar üzrə qonağı olduğumuz şəhərin və ölkənin timsalında qət edilmiş məsafəni, görülmüş işləri qısa müddətdə olsa da, müşahidə edə bilirik. Bu müşahidə imkanı turizmin səviyyəsi ilə də ölçülə bildiyi üçün mənzərəni aydın təsəvvür etmək mümkündür. Necə ki öz şəhərimizdə, ölkəmizdə də həm belə müşahidələr, həm də araşdırma aparmaq, informasiya əldə etmək imkanımız olub. Mənim ölkəm bu il öz dövlət müstəqilliyinin 30-cu ildönümünü qeyd edəcək. Ötən il biz, müstəqilliyimizlə (necə deyərlər) yaşıd olan Ermənistan işğalına son qoyduq. Böyük bir imperiyanın dağılması, onun yerində müstəqil dövlətlərin yaranması və bu müstəqil dövlətlərdən birinin digər “keçmiş müttəfiq”in işğalına uğrması özü ilə məhz çoxlu sosial problemlər, yoxsulluq, məcburi köçkünlük, qaçqınlıq, dağıntılar... gətirib. İşğalçı Ermənistan güclü himayədarlarına arxalanaraq işğalı sürdürdüyü illərdə yalnız işğala məruz qalan bizlər deyil, işğalçının öz əhalisi də bir çox sosial-iqtisadi problemlər yaşamlı olub.

Demək istəyirəm ki, bugünkü mövzu bizim 30 ildir içində olduğumuz, yaxud cəlb olundğumuz bir mövzudur. Biz ölkə, xalq və dövlət olaraq, inkişaf etmək – müstəqil inkişaf etmək üçün yoxsulluq da daxil olmaqla, bir çox problemlərlə mübarizə aparmağa məcbur olmuşuq. Bu planda, turizm bizim ölkədə daha çox, müstəqilliyin son iki onilliyi ərzində təşəkkül tapıb. Doğrudur, bizdə öncələr də turizm sektoru olub, ancaq o, belə deyək, “sovet turizmi”, “postsovet turizmi” – yaxud axtarışlarda olan, özü özünü yaradan turizm olub. Nəhayət son illər turizm bir sektor olaraq populyarlaşıb, yerli turizm sektoru vacib beynəlxalq təcrübəyə və əlaqələrə yiyələnib, ölkəmizə yüzminlərlə turist gəlib; təbii olaraq, turizm infratsrukturları yaradılıb, yaxşı mütəxəssislər yetişib. Sektora elmin tətbiqi, yerli peşəkarların yetişdirilməsi dövlət turizm siyasəti, müvafiq konsepsiyalar, proqramlarla tənzimlənib. Azərbaycan Turizm və Menecment Universiteti ölkəmizin ən gənc universitetlərindən biri olsa da, artıq nüfuzlu, sayılıb-seçilən təhsil və elm ocağına çevrilib. Dövlət Turizm Agentliyi dövlət təsisatı olaraq, bu sahənin inkişafına, müvafiq dövlət siyasətinin icrasına cavabdehdir. Bütün bunlar, yeni iş yerlərinin yaranmasına, yeni biliklərə, ixtisaslara yiyələnməyə, dünyaya açılmağa, rəqabətədavamlılığı əxz etməyə, fərdi, kollektiv və sahəvi inkişafa təkan verib. Nəticə etibarı ilə yoxsulluqla mübarizədə turizm özünəməxsus yerə, rola sahib olmağa başlayıb. Şəxsən mənim üçün xoşdur demək ki, turizm bir sektor olaraq öz inkişafına görə mədəniyyətlə, mədəniyyət təsərrüfatı ilə sıx bağlıdır – necə deyərlər, biri digərini doğurur, tamamlayır”.

Sözünə davam edən Komitə sədri 2000-ci ilin sentyabr ayında BMT-nin təşkilatçılığı ilə 147 ölkənin başçısının Nyu Yorkda Minilliyin sammitinə toplaşaraq, Minilliyin İnkişaf Məqsədlərini əks etdirən Birgə Bəyannamə imzaladığını xatırladıb:

“Bəyannamə yoxsulluğun azaldılması məsələlərinə dair öhdəlikləri ehtiva edirdi. Qlobal məqsədlərdən birincisi məhz ifrat yoxsulluq və aclıq içində yaşayan dünya əhalisinin sayının yarıyadək azaldılmasını nəzərdə tuturdu. Bu gün o hədəflərə çatmaq üçün müəyyənləşdirilmiş 15 illik müddətdən də daha 6 il ötüb və bütün görülmüş işlərə baxmayaraq, yoxsulluq və ifrat yoxsulluq mövzusu gündəlikdən tam çıxmış sayıla bilməz. Çünki ötən illər ərzində nəcib təşəbbüslər, qlobal çağırışlarla yanaşı müharibələr, habelə birgəyaşayışla təzad təşkil edən davranışlar, dini, milli, ideoloji dözümsüzlüklər də təəssüf ki, artıb. Elan olunmamış müharibədən, işğaldan əziyyət çəkmiş, dərin yaralar almış bir ölkənin vətəndaşı və millət vəkili olaraq mən bu təzadın nə olduğunu yaşxı bilirəm. Təsəvvür edin: siz dinlər və mədəniyyətlərarası dialoqa çağırış edirsiz, öz etnik, dini zənginliyinizlə seçilirsiz, amma məhz monoetnik bir dövlət sizin ərazini işğal edir, maddi-mədəniyyət abidələrinizi, təsərrüfatları, ev-eşikləri – hər şeyi, hər yeri dağıdır, talan edir. Və üstəlik də, öz himayədarları vasitəsi ilə sizi etmədiyiniz “cinayətlər”də ittiham edir, öz faktiki cinayətlərini, müharibə suçlarını isə gizlədir, “əsaslandırır”... Bunları niyə deyirəm? – İlk baxışda mövzumuzla birbaşa bağlı deyil kimi görünsə də, bütün əməli fəaliyyət sahələri ilə yanaşı, ölkələrarası münasibətlər də, özəlliklə qonşular arasında müharibə yoxsulluğun artmasını, ümumi inkişaf qayğılarını, o cümlədən inkişafda turizmin payını əhatə edir yaxud onları təsirləndirir. Məsələn, mənim təmsil etdiyim ölkənin turizm üçün ən əlverişli bölgələri 30 ilə yaxın Ermənistanın işğalı altında olduğu üçün o bölgələrdə turizmin inkişafı faktiki sıfırlanmış və yalnız işğalçı erməni hərbçilərinin, bir qrup erməni oliqarxının istirahətinə xidmət etmişdir. Azərbaycan Respublikasının sadə erməni əhalisi də daxil olmaqla, minlərlə insanın iş yeri, öz sosial durumunu yaxşılaşdırmaq imkanı, yüzminlərlə insanın istirahət, səyahət, müalicə və b. haqq-hüquqları pozulmuşdu. Məsələn:

- Azərbaycanın Kəlbəcər rayonu işğaldan azad olunduqdan sonra ilin dörd fəsli boyunca turizm üçün yararlı təbiəti ilə respublikanın turizm paytaxtı olmaq imkanları ilə diqqət mərkəzinə gəlib;

- Şuşa artıq rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan edilib;

- Füzulidə beynəlxalq hava limanı tikintisi aparılır, bu ilin sentyabrında eniş-qalxış zolağının istismara verilməsi planlaşdırılır və s.

Azərbaycan Prezidenti bugünlərdə Ağdama – Qafqazın Hirosimasına səfər edərkən, şəhərin yenidən quruluşunun təməl daşını qoydu; burada ağıllı şəhər salınacaq, artıq Zəngilanın Ağalı ağıllı kənd layihəsi icra edilməkdədir; ümumən Qarabağ “yaşıl enerji” zonası olacaq. Bütün bunlar nəyi ifadə edir? Yoxsulluq, cəhalət və işğal mədəniyyətsizliyindən quruculuq mədəniyyətinə keçid, ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması, bölgənin dörd fəsil gözəlliyinin dünya turziminə qazandırılması və s.”

Yenidən Nyu Yorkda 21 il öncə imzalanmış Minilliyin Bəyannaməsinə vurğu edən Q.Paşayeva Bəyannaməyə qoşulan bir ölkə kimi, respublikamızda bu öhdəliyin həyata keçirilməsini təmin etmək məqsədilə “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” adlı Prezident Fərmanı (20.02.2003-cü il, 854 saylı) imzalandığını deyib:

“Yoxsulluğun azaldılması üzrə Dövlət Proqramının – özü də zəngin mətn-mündəricəli bir proqramın hazırlanması siyasi iradənin, xəlqi istək, arzu və ehtiyacların, beynəlxalq çağırışların universal sintezini ifadə edirdi.

Fikirlərimizi bilavasitə turizmə, turizm sektorunun inkişaf etdirilməsi məsələlərinə kökləyəsi olsaq, vurğulamalı olduğum bəzi məqamlar var:

Azərbaycanın turizm potensialından istifadə imkanlarının genişləndirilməsi, eləcə də regionlarda məşğulluq və s. məqsədlərlə 2008-2016-cı illərdə turizm sektorunun inkişafına dair dövlət proqramı hazırlanmış, ardınca, turizm fəaliyyətinin stimullaşdırılması üçün normativ hüquqi baza təkmilləşdirilib”.

Q.Paşayeva turizm sektoru da daxil olmaqla, ümumən mədəni inkişafın yoxsulluğun azaldılmasındakı yeri, rolunu ətraflı şərh edib, müvafiq dövlət orqanlarının, eləcə də Heydər Əliyev Fondunun mühüm layihələrindən söz açıb, mədəni irsin qorunması və ondan istifadə, mədəniyyət və incəsənət obyektlərinə çıxış imkanlarının genişləndiyini bildirib:

“Heydər Əliyev Fondu yarandığı gündən mədəni irsə, mədəniyyət təsərrüfatına münasibətdə yeni miqyas yaratmış, yanaşma fəlsəfəsini yeniliklərlə süsləmiş, dəyişmiş və inkişaf etdirmişdir. Fond öz unikal layihələri ilə seçilir. Fondun həyata keçirdiyi çoxsaylı layihələr mədəni mühiti ciddi surətdə canlandırmış, regionların sosial-mədəni inkişafına, turizm sektorunun yeni mədəni marşurutlar əldə etməsinə şərait yaratmışdır. Azərbaycanın bölgələri beynəlxalq musiqi festivallarına mükəmməl evsahibliyi etməyə başlamışdır. Məsələn, minlərlə xarici və yerli turistin, mədəniyyət işçiləri və incəsənət xadimlərinin maraqla gözlədiyi Qəbələ Musiqi Festivalı və bu il bərpa edilmiş – 30 ildən sonra 14-15 mayda Şuşada keçirilmiş Xarıbülbül Musiqi Festivalını qeyd edə bilərəm. Bu ay isə Şuşa Vaqif Poeziya Günlərinə ev sahibliyi edəcək. Qarabağda təmir-bərpa işləri müəyyən mərhələyə çatdıqdan sonra Qarabağ və ətraf bölgələrdə əhalinin məşğulluğu, turizimin inkişafı, yerli istehsalın artması və s. sahəsində ciddi hadisələrin şahidi olacağımız şübhəsizdir. Bu sırada, ölkənin qaçqın və məcburi köçkün yükündən önəmli dərəcədə azad olması da yaxın illərin sosial-iqtisadi, ictimai-mədəni mənzərəsini təsəvvür etməyə imkan verir”.

Komitə sədri Azərbaycanla Türkiyə, Pakistan arasındakı yüksək inkişaf etmiş münasibətlərin turizmdə inkasını misal çəkərək, İƏT üzvü ölkələr arasında birbaşa uçaq reyslərinin açılması, viza sadələşdirilməsi, biletlərin münasib qiymətə satılması kimi həllimümkün məsələləri də müzakirə olunan mövzu üzrə faydalı hesab etdiyini bildirib:

“Turizmin inkişafı yalnız iqtisadi artıma gətirib çıxarmır, xalqların bir-birini daha yaxından tanıması, mədəni mübadilə üçün də geniş imkanla yaradır”.

Reaksiya.az

Şərhlər