"Onlar ona görə gəlməyiblər ki, sonra əllərini yuyub çıxıb getsinlər" - Ter-Petrosyandan ETİRAF

11.06.2021 11:21     Sosreaksiya     626

Ermənistanın keçmiş prezidenti, “Erməni milli konqresi” partiyasının seçki siyahısına başçılıq edən Levon Ter-Petrosyan Rusiya sülhməramlı qüvvələrinin Qarabağı 5 il sonra tərk etməyəcəyini deyir.

Reaksiya.az xəbər verir ki. o, Yerevanda keçirdiyi mətbuat konfransında bildirib ki, əgər Rusiya hərbçiləri Qarabağı tərk etsə, orada bir erməni də qalmaz. “Əgər ruslar çıxsa. Qarabağda bir qarabağlı (erməniləri nəzərdə tutur,-red.) da qalmaz”,-Ter-Petrosyan belə deyib.

Onun fikrincə, nəyə görəsə insanların 95 faizi əmindir ki, 5 il sonra Rusiya sülhməramlıları Qarabağı tərk edəcək. “Amma bu, belə deyil”,-keçmiş prezident 10 noyabr üçtərəfli razılaşmasının bəndini xatırladıb. Bildirib ki, həmin bənddə sülhməramlılarının yerləşdirilməsinin vaxtının uzadılması imkanı boş yerə əks olunmayıb.

“Onlar ona görə gəlməyiblər ki, sonra əllərini yuyub çıxıb getsinlər. Müqavilədə hər şey yazılıb”,-Ter-Petrosyan bildirib.

Keçmiş prezident regionda nəqliyyat kommunikasiyalarının açılmasından da danışıb. Bildirib ki, “nəqliyyat dəhlizi” sözünü hərə öz istədiyi kimi başa düşür. “Azərbaycan Naxçıvana çıxış əldə etmək istəyir, Ermənistan isə Rusiyaya. Burada nəyi izah edəsən? Bəyəm Ermənistan üçün Rusiya ilə etibarlı əlaqə yolunun olması mühüm deyil? Siz bilirsiniz ki, Gürcüstan yolları hansı vəziyyətdədir, Azərbaycan yolları isə bizim üçün bağlıdır. Əgər belə imkan açılsa, Ermənistan üçün bu gözəl bağlayıcı əlaqə olacaq”,-siyasətçi deyib.

Reaksiya.az

Şərhlər