Erməni əsirliyində olanlar dəhşətli faktları açıqladı

16.06.2021 14:11     Sosreaksiya     359

Azərbaycanlı əsirlərə işgəncələr verən erməni cinayətkarlar barəsində məhkəmə prosesi davam etdirilib.

Reaksiya.az xəbər verir ki, Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyan törətdikləri əməllərlə bağlı Yasamal rayon Məhkəməsində Bakı Hərbi Məhkəməsi tərəfindən keçirilən növbəti məhkəmə iclasında zərərçəkənlər dindirilib.

Birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə iclasında zərərçəkən qismində dindirilən Həbib Kazəmov bildirib ki, Qubadlı istiqamətində Milli Qəhrəman Əliyar Əliyevin batolyonunda döyüşüb və həmin istiqamətdə yaralanaraq huşsuz halda əsir düşüb:

"Əsir düşən kimi Şuşa türməsinə gətirildim və orada mənim Sumqayıtdan olduğumu öyrəndilər. Buna görə də mənə " Sumqayıt" ləqəbi qoymuşdular. "Loxa" adı ilə tanıdığım Lüdvik mənə Sumqayıtdan olduğum üçün xüsusilə ağır işgəncələr verirdi. Meşə odunu ilə vəhşicəsinə döyürdülər. Həmçinin 1994-cü ildə Şuşada erməni Vahanın abidəsinin açılış vaxtı bizi gətirib amansız əzablar verdilər. 1 il 9 ay əsirlikdə oldum və həmin müddətin 1 ilinin 2 ayı ərzində bu iki şəxsi görmüşəm. Onları yalnız Şuşa həbsxanasında görürdüm və hərbi formada olurdular. İstədikləri vaxt istədikləri qədər işgəncələr verirdilər. Xankəndinə aparıldığımız vaxt isə uşaqları gətirib bizi heyvan nümayiş etdirirmiş kimi göstərirdilər. Böyrəyimdə, qaraciyərimdə, boynumda hələ də bu şəxslərin verdiyi işgəncə izləri qalıb".

Məhkəmədə dindirilən digər keçmiş hərbi əsir Zaur Rzayev də təqsirləndirilən şəxsləri tanıyıb. O bildirib ki, 1994-cü ilin yanvarında hərbi xidmətə gedib və mart ayında Ağdam istiqamətində əsir düşüb: "Gözümü açanda Xankəndi xəstəxanasında idim. Orada yaralarıma siqaret basırdılar. Ayaqlarını basaraq yaramın sağalmasına imkan vermirdilər. Armaturla, bel ilə vəhşicəsinə döyürdülər. Bizi Xocavəndə aparıb Samvel Babayanın fermalarında işlədirdilər. Ağdama və Füzuliyə aparıb evləri bizə sökdürüb fermaya gətirirdilər. Bu iki şəxsdən Lüdvik də orada nəzarətçi kimi iştirak edirdi. Növbəni təhvil verən və növbəni təhvil alanlar hər dəfə bizi vəhşicəsinə döyürdülər.

Çıxış edən digər zərərçəkən Famil Əliyev isə bildirib ki, əsir düşəndən bir neçə gün sonra Şuşa həbsxanasına gətirilib. Bu şəxslərin ikisini də Şuşa həbsxanasında tanımışam. Bakıda üzləşəndə üz cizgilərindən və həmin vaxt çəkilən fotolardan onları tanıdım. Bu şəxslər bizə dəhşətli işgəncələr verib. Təsəvvür edin yolda otu təmizlədəndən sonra bizə niyə otu incitdiyimizi deyib otun çıxdığı yeri yalatdırırdılar. Dubinka ilə o qədər döyürdülər ki, dubinka sındı və orada bildim ki, dubinkanın içində tros olur. Bizi həmçinin tez-tez Şuşadakı qəbiristanlığa aparıb qəbirləri qazdırırdılar. İnsan kəllələrini çəxardıb qızıl diş axtarırdılar. Sonra siqaret kötüyünü qəbirə atıb, bizim yenidən onu qazıb çıxarmağımızı tələb edirdilər

Şuşa həbsxanasında ayaq dırnaqlarımı çıxarıblar. Eyni zamanda dəfələrlə Samvel Babayanın fermalarına aparıb bizi işlədirdilər və orada ağır işgəncələr verirdilər".

Çıxış edən zərərçəkənlərdən Rauf Qafarov isə qeyd edib ki, 1993-cü ildə Füzuli istiqamətində əsir düşüb:

"Məni 1 gün sonra Xankəndinə gətirdilər. Orada uşaqlardan ikisi qaçmaq istəyəndə erməni silahlıları tərəfindən öldürüldü. Ağzında qızıl dişi olan əsgər yoldaşımın dişlərini söküb götürdülər. Orada daha 2 əsiri də döyə-döyə öldürdülər. Sonra bizi Şuşa həbsxanasına saldılar. Orada bu 2 ermənini görmüşəm və onlar bizə işgəncələr verib. Həbsxanada olarkən Suqamqayıtdan olan bir erməni polis rəisi 5-ci sinifdə oxuyan oğlunu ora gətirdi. Uşaq bizi görən kimi qaçıb uzaqda dayandı. Sonra bildik ki, ermənilər məktəblərdə türklərin adamyeyən olduğunu deyir. Uşaq da qorxusundan qaçıb".

Dəhşətli işgəncələrə məruz qalan Zahid Həsənov isə bildirib ki, daha əvvəl Əfqanıstanda döyüşüb. 1993-cü ildə könüllü cəbhəyə yollanıb. Füzulinin Seyidəhmədli kəndində gedən döyüşlərdə mühasirədə qalıb, yaralı halda gizlənsə də, 1 gün sonra ermənilər onu taparaq əsir götürüb:

"Xankəndində olarkən Rusiyanın Vesti proqramı orada azərbaycanlı əsirlərdən müsahibəyə gəlmişdi. Mən də rus dilini bildiyim üçün müsahibə verməyə məcbur edildim. Amma danışmadım, ona görə də erməni jurnalist qəzetə bükdüyü dəmirlə başıma zərbə endirdi

Həmin zərbə yeri hələ də başımdadı. 1994-cü ilin mart-aprel aylarında yaralı halda Xankəndi xəstəxanasında saxlanılsam da, mənə tibbi yardım göstərilmədi, Xankəndində mülki şəxslər xəstəxanaya daxil olaraq bizi döyürdülər. Alyoşa Xosrovyan ora tez-tez gələrək sağalan əsirləri Şuşa həbsxanasına aparırdı və məni tanıyırdı. Aprelin axırında məni Şuşaya apardılar. Orada Alyoşa məni görən kimi erməni dustaqlarla birgə mənə işgəncələr verdi. O, Rusiya kanalına müsahibə vermədiyimə və Əfqanıstandan gətirdiyim hərbi formanı geyindiyimə görə amansız rəftar edirdi.Lüdvik də dəfələrlə odunla, trosla döyərək mənə xəsarətlər yetirib və qabırğalarımı qırıb".

Zərəçəkənlərin ifadələrinin alınmasından sonra məhkəmə iclası başa çatıb. Növbəti iclas 23 iyuna təyin edilib.

Reaksiya.az

Şərhlər