DSX hərbçilərinin ölümü ilə bağlı cinayət işi başlandı

17.06.2021 13:39     Sosreaksiya     351

Laçın rayonunda Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının qəzaya düşərək şəhid olması ilə bağlı cinayət işi başlanılıb.

Hərbi Prokurorluğunun Mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, 16.06.2021-ci il tarixdə Laçın rayonu ərazisində hərəkətdə olan "Maz" markalı yük avtonəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində DSX-nin hərbi qulluqçuları baş leytenant Elməddin Süleyman oğlu Nəsibov və gizir Kamal Vilayət oğlu Kamallı ölüb.

Məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 351.3-cü (Döyüş və ya xüsusi təyinatlı nəqliyyat vasitələrini, yaxud hərbi texnikanı idarəetmə və istismar qaydalarının pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq hərəkətləri həyata keçirilib.

"Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək", - Mətbuat xidmətindən bildirilib.

Reaksiya.az

Şərhlər