Diqqət: Bioloji fəal qida əlavələri təhlükəli ola bilər
22.06.2021 12:56 Sosreaksiya 361
Bu tip məhsulların apteklərdə, superpermarketlərdə satışı sahəsində islahatlar gözlənilir. Onlar adətən görünüşcə dərmanlara çox oxşayır, qiymət baxımından isə əksər hallarda baha olurlar.
Reaksiya.az xəbər verir ki, bunu ATU-nun Farmakoqnoziya kafedrasının dosenti Nərgiz Məmmədova apteklərdə dərman vasitələri ilə yanaşı satılan bioloji fəallığa malik qida əlavələri (BFMQƏ) barədə danışarkən deyib.
Nərgiz Məmmədova bildirib ki, BFMQƏ qida rasionunu zənginləşdirmək məqsədi ilə bitki, heyvan, mineral mənşəli və ya kimyəvi yolla alınmış bioloji fəal maddələr və onların komplekslərinin farmasevtik formada hazırlanaraq, gündəlik qəbuletmə dozası müəyyənləşdirilmiş məhsullardır:
“BFMQƏ-lər dərman vasitələrindən fərqli olaraq qidalanmanın optimal fizioloji rasionunu təmin etmək üçün istifadə olunur. Farmakoloji effektlərə, kəskin əlavə təsirə malik olmur və yalnız fizioloji dəyişikliklər çərçivəsində insanın funksional aktivliyini qoruyub saxlamaq məqsədi daşıyır. Onlar müalicə üçün nəzərdə tutulmayıb. Ölkəmizdə BFMQƏ-nin idxalına, ixracına, istehsalına, satışına, dövriyyəsinə Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Qeyd edim ki, konkret bir məhsulun dərman vasitəsi olub-olmamasına dair Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi publik hüquqi şəxs tərəfindən ikimərhələli ixtisaslaşdırılmış ekspertiza keçirilir. Fikrimcə, bu kateqoriyalı məhsulların iki müxtəlif qurum tərəfindən monitorinqinin keçirilməsi bu gün üçün çox vacibdir”.
N.Məmmədova vətəndaşlara BFMQƏ-ni qəbul etməzdən əvvəl onun haqqında çoxlu məlumat əldə etmələrini, ailə həkimi ilə məsləhətləşmələrini tövsiyə edib:
“Müxtəlif saytların, şirkətlərin reklamına əsaslanaraq bu məhsulları almasınlar. Bəzən şahidi olmuşam ki, bu məhsulları bərbərxanalarda, idman zallarında, hətta avtobus dayanacaqlarında belə əhaliyə təklif edirlər. Bu məhsulların Səhiyyə Nazirliyindən rəy, Qida Təhlükəsizliyi Agentliyindən isə gigiyenik sertifikat alması barədə məlumat əldə etmək üçün müvafiq qurumların qaynar xəttinə müraciət etsinlər. Çünki bu qurumların nəzarətindən keçməyən məhsulların tərkibində bəzən resepturada təqdim olunmayan, hətta insan orqanizmi üçün təhlükəli hesab edilən maddələr aşkar olunur. Məsələn, çəkini tənzimləmək üçün sibutramin maddəsi, idman qidalarında steroid maddələr, potensiya üçün olanlarda sildinofil və s. var”
Şərhlər