Zakir Həsənov NATO generalı ilə görüşdü

22.06.2021 13:42     Sosreaksiya     392

İyunun 22-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan NATO-nun İzmirdə yerləşən Quru Qoşunları Komandanlığının Qərargah rəisi diviziya generalı Metin Tokelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Z.Həsənov Azərbaycan-NATO əlaqələrinin uğurla inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və hərbi qulluqçularımızın Əfqanıstandakı “Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni diqqətə çatdırıb.

Müxtəlif sahələrdə aparılan Azərbaycan-NATO əməkdaşlığının əsas məqsədinin Avro-Atlantik məkanda, həmçinin dünya miqyasında vahid təhlükəsizlik sisteminin yaradılmasında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılması olduğunu qeyd edən Müdafiə naziri bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Öz növbəsində diviziya generalı M.Tokel Alyansın Azərbaycanı etibarlı tərəfdaş hesab etdiyini xüsusi qeyd edib. O, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Reaksiya.az

Şərhlər