Horadizdə təlimlər keçirilir - 207 nəfər cəlb edildi

17.08.2015 16:10     Sosreaksiya     1551

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən bölgələrdə yeni infrastrukturlar yaradılır, müasir tipli avadanlıqlar və qurğular istismara verilir. Bununla paralel  olaraq bu sahələrdə çalışan  mütəxəssislərin bilik və bacarıqlarının təkmilləşdirilməsinə də xüsusi önəm verilir.

Bu məqsədlə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin  "Regional Təlim-İnkişaf Proqramı-2” layihəsi çərçivəsində Füzuli rayonunun Horadiz şəhərində  növbəti regional təlimə start verib.

Reaksiya.az-a bu haqda məlumatı "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı verib.

Onun sözlərinə görə, təlimə “Azərsu” ASC-nin "Birləşmiş Sukanal" MMC-nin Füzuli, Beyləqan, İmişli, Zərdab, Ağdam, Tərtər, Laçın, Bərdə Ağcabədi, Xocavənd rayon sukanal idarələrinin 207 əməkdaşı cəlb olunub. Energetik, mexanik, montyor,  metrologiya üzrə mühəndis,  nəzarət ölçü cihazları çilingəri, su və kanalizasiya şəbəkələrinin mühəndisi, içməli və çirkab su təmizləyici qurğuların mühəndis texnoloqları, Kimyaçı, bioloq, laborant, su kəməri təsərrüfatında nəzarətçi, mühasib, kompüter operator, kadrlar üzrə müfəttiş və digər peşələrdən olan əməkdaşlar təlimlərdə bilik və  təcrübələrini artırmaq imkanı qazanıblar.

Qeyd edək ki, təlimlər  “Azərsu” ASC-nin müxtəlif fəaliyyət sahələrini əhatə edən peşəkar mütəxəssisləri tərəfindən  aparılır. Nəzəri biliklər əldə etməklə yanaşı, avadanlıq və qurğuların iş prinsipi ilə yerində tanış olmaq üçün təlim iştirakçılarının istehsalat sahələrinə  səfərləri də təşkil olunur. Avqustun 28-dək davam edəcək təlim müddətində iştirakçıların  asudə vaxtlarının səmərəli keçirilməsinə də xüsusi diqqət yetiriləçək. 

Ümumilikdə  “Regional Təlim-İnkişaf Proqramı-2” çərçivəsində “Azərsu” ASC-nin 1000-dən çox əməkdaşının müvafiq vəzifələr və peşələr üzrə təlimlərə cəlb olunması nəzərdə tutulur.

 

Şərhlər

Çox oxunanlar