Bakının sənədsiz evlər problemi - Bu evlərə sənəd verilməyəcək

23.06.2021 11:59     Sosreaksiya     573

İllərdir Bakı və Bakıətrafı qəsəbələrdə həllini gözləyən sənədsiz evlər düyünü heç cür çözülmək bilmir. Hətta əksinə, az da olsa görülən işlər pandemiya səbəbindən kölgədə qalmaqdadır.

Nazirlər Kabinetinin Milli Məclisə təqdim olunan illik hesabatında sənədsiz evlərin inventarlaşdırılması prosesinin aparıldığına dair məqam yer alıb. Məlumatda qeyd edilib ki, ölkə ərazisində müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş tikililər (əsasən yaşayış evləri) və onların yerləşdiyi torpaq sahələri ilə bağlı problemin həlli məqsədilə Azərbaycan Prezidentinin tapşırığına əsasən, Prezident Administrasiyasının rəhbəri tərəfindən 2019-cu il 27 iyun tarixində Tədbirlər Planı təsdiq edilib. Problemin mərhələli həllini nəzərdə tutan Tədbirlər Planına uyğun olaraq yerli ekspert komissiyaları yaradılıb. Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin, Fövqəladə Hallar, Kənd Təsərrüfatı və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və digər qurumların nümayəndələri daxildir.

Sənəddə qeyd edilib ki, Bakı şəhərində 163 min daşınmaz əmlak üzrə, digər şəhər və rayonlarda isə təxminən 2 min yaşayış məntəqəsi üzrə 84 min daşınmaz əmlak obyektindən 74,6 mini üzrə işlər yekunlaşıb.

İqtisadiyyat Nazirliyinin rəsmi məlumatına görə, Prezident tərəfindən 13 yanvar 2015-ci il tarixində 439 nömrəli Fərmana əsasən, əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib. Qeyd olunub ki, 2020-ci ildə pandemiya (COVID – 19) səbəbindən inventarlaşdırma işləri müvəqqəti olaraq təxirə salınıb, vəziyyət stabilləşdikdən sonra inventarlaşdırma işlərinin davam etdirilməsi nəzərdə tutulur.  İnventarlaşdırma işləri başa çatdıqdan sonra aidiyyəti qurumlar tərəfindən nəticələrin təhlili aparılacağı və qanunvericilikdə dəyişiklərlə bağlı təkliflərin hazırlanacağı gözlənilir.

“Riskli ərazilərdə yerləşən evlərə sənəd verilməyəcək”

Uzun illərdir həllini gözləyən problemlə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, sənədsiz evlərin qeydiyyata alınması son illərin ən çox müzakirə edilən məsələlərindəndir:

“Nəzərə alsaq ki, bununla bağlı konsepsiyanın hazırlanması üçün xüsusi işçi qrup yaradılmış, hətta keçmiş Əmlak Məsələləri Dövlət Komitəsi də belə bir sənədin hazırlanması ilə bağlı rəsmi məlumat yaymışdı. Eyni zamanda, Nazirlər Kabinetinin son hesabatında da bu məqam xüsusi məsələlərdən biri kimi qeyd olunub. Bu da ondan xəbər verir ki, hökumət üçün sənədsiz evlərin sənədləşdirilməsi prioritet məsələlərdəndir. Çünki sənədsiz evlərin sənədləşdirilməsi həmin evlərin mülkiyyət hüququnun tanıdılması baxımından vacibdir. İlkin qiymətləndirmələr göstərir ki, Azərbaycanda təxminən 600 minə yaxın sənədsiz ev var. Onun da 450 minə yaxını Bakı və ətrafındadır. Eyni zamanda, sənədsiz evlərin bir qismi riskli ərazilərdə, xüsusən neft buruqlarının, dəmir yolu infrastrukturunun yaxınlığında, hətta yüksəkgərginlikli elektrik xətlərinin, kifayət qədər böyük mavi qaz və su xətlərinin keçdiyi ərazilərdə yerləşir. Belə evlərin sayı təxminən 70 minə yaxındır. Bu baxımdan əslində müzakirə edilən evlərin necə sənədləşdirilməsi məsələsidir”.

“Sənədləşmə ilə vətəndaş kredit ala biləcək”

Deputat qeyd edib ki, söhbət riskli ərazilərdə yerləşməyən evlərin sənədləşdirilməsindən gedir.

“Sənədsiz evlərin sənədləşdirilməsi həm də ona görə vacibdir ki, vətəndaş ondan istifadə etməklə kreditə müraciət etmək imkanı qazana bilər. Xüsusilə də həmin əmlak maliyyə münasibətlərində təqdim oluna bilər. Digər tərəfdən, sənədsiz evlərin sənədləşdirilməsi dövlət büdcəsi baxımından da vacibdir. Bu, büdcəyə daxilolmaların artmasına gətirib çıxaran faktorlardan biridir.

Beyin mərkəzi olaraq bizim apardığımız araşdırmalar göstərir ki, sənədsiz evlərin sənədləşdirilməsilə bağlı ən yaxşı modellərdən biri Rusiya modelidir. Rusiyada simvolik hesab olunan ödəmə, tarif müəyyənləşdirildi. Buna uyğun olaraq, evlərin sənədləşdirilməsi həyata keçirildi. Bu zaman təbii ki, evlərin riskli ərazilərdə yerləşməməsi əsas meyarlardan biri idi. Güman edirəm ki, Azərbaycanda da oxşar praktikanın istifadə imkanları var. Daha məqsəduyğun olar ki, bu təcrübədən istifadə olunsun və müəyyən simvolik ödənişlə həmin evlərin sənədləşdirilməsi həyata keçirilsin. Bu da nəticə etibarilə uzun müddət müzakirə edilən sənədsiz evlərin qeydiyyata alınmasına gətirib çıxaracaq. Təbii ki, riskli ərazilərdə yerləşən evlərin sənədləşdirilməsilə bağlı artıq ayrıca bir yanaşmaya ehtiyac var.

Ümumilikdə Nazirlər Kabientinin hesabatında bu məqamın qeyd olunması, xüsusilə pandemiyadan əvvəl bu istiqamətdə konsepsiyanın hazırlanması ilə bağlı işlərin aparılması ondan xəbər verir ki, sənədsiz evlərin qeydiyyata alınması prioritet məsələlərdən biri olaraq qalmaqdadır”.

Dövlət qeydiyyatı üçün rüsum...

Məlumat üçün bildirək ki, fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün yaşayış məntəqələri təyinatlı torpaqlarda tikilməsi əsasdır. Digər hallarda həmin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mümkünsüzdür.

Qeydiyyat üçün tələb olunan sənədlərə gəldikdə isə qanunvericiliyə əsasən sənədlər əmlakın tikildiyi tarixdən asılı olaraq dəyişir. Belə ki, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən, Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yəni, 2013-cü il yanvarın 1-dək inşa edilmiş tikililərə dair müvafiq sənədlər tələb olunur. Hündürlüyü 12 metrədək olan yaşayış evləri icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində yerləşirsə, bu zaman torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı təqdim edilməlidir. Vətəndaşın xüsusi mülkiyyətində olan torpaq sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur.

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən, yəni 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üçün isə digər sənədlər tələb olunur. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün vətəndaşlar torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə kimi sənədləri təqdim etməlidir.

Əgər daşınmaz əmlak məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evidirsə bu halda torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanınına məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.

Qeyd edək ki, fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması xidməti vətəndaşın istəyindən asılı olaraq 1, 3, 7, 10 iş günü ərzində göstərilə bilər. Çıxarışın verilməsi üçün tələb olunan dövlət rüsumu 30 manatdır.  Xidmət haqqı isə Tarif Şurasının 31 iyul 2009-cu il tarixli, 4 nömrəli qərarı ilə müəyyən olunub.

Reaksiya.az

Şərhlər