Sərhəddə erməni təxribatları niyə intensivləşib?

29.06.2021 15:12     Sosreaksiya     353

Son günlər Ermənistan tərəfi Azərbaycanla sərhəddə yenidən təxribatlara əl atır. Kəlbəcər və Tovuz istiqamətindən Azərbaycan ərazisinə atəş açılır. Seçkidən sonra üçüncü dəfədir ki, Ermənistan Azərbaycana qarşı təhrikedici addımlar atır.

Sərhəddəki vəziyyətə toxunan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan tərəfindən atəşkəsin intensiv şəkildə pozulması bir daha işğalçı ölkənin silahlı qüvvələrilə siyasi rəhbəri arasında ciddi problemlərin olmasından xəbər verir:“Ermənistan ordusu 44 günlük müharibə dövründə Azərbaycan ordusuna qarşı bir neçə saat müqavimət göstərdikdən sonra əməliyyatların ilk günündə 8 kənddən geri çəkildi. Azərbaycan əsgərinin mənəvi-psixoloji üstünlüyünün yüksək həddə çatdığı bir vəziyyətdə darmadağın olunmuş Ermənistan ordusunun öz ərazilərindən Azərbaycan əsgərinə qarşı atəş açması heç bir halda bizim üçün qəbuledilən hal deyil. Bu da sonsuza qədər davam edə bilməz. Bu kimi hallara qarşı Azərbaycan tərəfinin  adekvat cavab vermək üçün imkanı var.

Görünən odur ki, baş nazir Nikol Paşinyana qarşı seçkiöncəsi bəyanat imzalayan erməni generalları hələ də ona imzaladığı sənədə görə siyasi zərbələr vurmaq üçün fürsət axtarırlar. Çünki onlar əmindilər ki, bu təxribatlara qarşı gec-tez Azəbaycan tərəfi cavab verəcək. Bu da Ermənistan əsgərinin növbəti məğlubiyyəti ilə nəticələnək. Daha sonra həmin generallar və onu dəstəkləyən siyasi oyunçular bunu əllərində bayraq edib Paşinyana qaşı bəyanatlar səsləndirəcək.  Amma bizim üçün bu, o qədər də fərq etmir. Azərbaycan əsgərinə qarşı atılan addımlara adekvat cavab veriləcək”.

Reaksiya.az

Şərhlər