Qüdrət Həsənquliyev Azərbaycan polisini təbrik etdi

02.07.2021 11:19     Sosreaksiya     438

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibəti ilə daxili işlər orqanlarının rəhbərliyini və əməkdaşlarını təbrik edib.

Reaksiya.az təbrikin mətnini təqdim edir:

"Əziz polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları,

Sizi Azərbaycan polisinin yaranmasının 103-cü ildönümü münasibətilə təbrik edirəm.

İctimai təhlükəsizliyin təmin olunması, asayişin qorunması hər bir dövlət üçün müstəsna əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra qəbul olunan ilk qərarlardan biri ölkənin daxili işlər orqanlarının formalaşdırılması ilə bağlı oldu. Cümhuriyyətin ilk baş naziri Fətəli Xan Xoyskinin eyni zamanda ölkənin daxili işlər naziri vəzifəsini daşıması ilk respublikamızın yarandığı ağır və mürəkkəb şəraitdə daxili işlər orqanlarının dövlət həyatı üçün nə qədər mühüm əhəmiyyət daşıdığının göstəricisi idi.

Azərbaycan Daxili İşlər Nazirliyi yarandığı ilk gündən ictimai təhlükəsizliyi, asayişi təmin etmək, daxili sabitliyi, vətəndaşların həyatını, mülkiyyətini və hüquqlarını qorumaq, cinayətkarlıqla mübarizə aparmaq, Milli Ordu, təhlükəsizlik qüvvələri ilə birlikdə ərazi bütövlüyümüzin və suverenliyimizin qorunmasında işğalçı qüvvələrə qarşı mübarizə aparmaq kimi məsələləri qarşısına mühüm vəzifə kimi qoymuşdu və Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 23 ay ərzində bu vəzifənin öhdəsindən layiqincə gəldi.

Öz sələflərinin yolunu ləyaqətlə davam etdirən daxili işlər orqanlarının əməkdaşları Azərbaycanın dövlət müstəqilliyinin bərpası uğrunda, separatizmə, ölkənin ərazi bütövlüyünə təhdid yaradan amillərə qarşı mübarizədə də böyük fədəkarlıq göstərdilər. Hələ dövlət müstəqilliyimizin bərpasından öncə Dağlıq Qarabağda başlayan və ölkənin müxtəlif ərazilərini əhatə edən separatizm dalğasının gətirdiyi ağır fəsadlara, qanlı və amansız cinayətlərə, terrorzimə qarşı mübarizənin ön cərgəsində dayananlar da məhz daxili işlər orqanlarının əməkdaşları oldular.

İkinci Qarabağ müharibəsində Azərbaycan polisi öz tarixi missiyasını davam etdirərək, xalqımızın qəhrəmanlıq tarixinə yeni səhifələr yazdı. Düşmənlə ağır döyüşlərdə Daxili İşlər Nazirliyinin mühüm təşkilatı olan Daxili Qoşunların 66 hərbçisi şəhid oldu, 346 nəfər isə ağır yaralandı. Prezident tərəfindən 1377 hərbi qulluqçu yüksək dövlət təltiflərinə, 4 nəfər isə “Vətən müharibəsi qəhrəmanı” adına layiq görüldü.

Bu gün Azərbaycan polisi, eləcə də Daxili Qoşunların hərbi qulluqçuları işğaldan azad edilmiş ərazilərimizdə xidməti vəzifələrini layiqincə yerinə yetirir.

2020-ci ilin mart ayından etibarən, bəşəriyyəti ağır sınaq qarşısında qoyan COVİD-19 yeni növ koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində vətəndaşlarımızın sağlamlığının qorunması məqsədilə tətbiq olunan sərt karantin rejiminin ağırlığı, məsiliyyəti tibb işçiləri ilə yanaşı Azərbaycan polisinin, Daxili Qoşunların hərbi qulluqçularının üzərinə düşdü. Asayişimizin keşikçiləri öz həyatlarını təhlükəyə ataraq, ictimai asayişin və vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində böyük fədakarlıq nümayiş etdirdilər.

Təsadüfi deyil ki, Azərbaycan polisinin fədəkarlığı və peşəkarlığı sayəsində ölkəmiz əhalinin say nisbəti üzrə cinayətlərin azlığına görə MDB və Şərqi Avropa məkanında aparıcı mövqeyini qoruyur. Davos Forumunun son hesabatına əsasən, Azərbaycan mütəşəkkil cinayətkarlığa qarşı mübarizə indikatoru üzrə 141 ölkə arasında 18-ci, polis orqanlarına əhalinin etibarına görə 30-cu yerə yüksəlib.

Dəyərli asayiş keçikçiləri,

Siz bu gün ölkəmizdə sabitliyin və asayişin qorunmasında, ictimai təhlükəsizliyin təmin olunmasında, cinayətkarlığa və onun hər cür təzahürlərinə qarşı mübarizədə üzərinizə düşən vəzifələri yüksək peşəkarlıqla yerinə yetirirsiniz. Sizə bu yolda uğurlar diləyir, hər birinizə möhkəm cansağlığı arzulayıram!

Fürsətdən istifadə edib Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ali xüsusi rütbə alan və yüksək dövlət mükafatları ilə təltif edilən əməkdaşlarını təbrik edir, fəaliyyətlərində uğurlar diləyirəm.”

Reaksiya.az

Şərhlər