Qarabağda ötən gün açılan atəş: nə baş verir?

07.07.2021 12:58     Sosreaksiya     376

Dağlıq Qarabağ münaqişəsi artıq arxivə gömülüb, bu problem həll olunub. Qarabağda hər hansı təmas xəttinin olmadığını Azərbaycanın Ali Baş Komandanı bir neçə dəfə elan edib. Bu baxımdan ötən gün Azərbaycanın Qarabağda müvəqqəti olaraq yerləşdirilən rus sülhməramlılarının məsuliyyət zonasında qanunsuz olaraq hələ də qalmaqda davam edən erməni hərbi birlikləri – erməni terrorçuları tərəfindən Azərbaycan Ordusu istiqamətində atəş açılması olduqca ciddi hadisədir.

Bu sözləri Reaksiya.az-a açıqlamasında Teleqraf Media Qrupunun rəhbəri, politoloq Aynur Camalqızı deyib.

A.Camalqızının sözlərinə görə, bu, 44 günlük Vətən savaşından sonra bəlkə də ilk insident sayıla bilər:

“10 noyabr bəyanatında aydın şəkildə göstərilir ki, Rusiya sülhməramlılarının yerləşməsi prosesi Azərbaycanın Qarabağ bölgəsindəki erməni hərbi birliklərinin çıxması ilə paralel həyata keçirilməlidir. Bu o deməkdir ki, rus sülhməramlıları erməni hərbi birliklərinin çıxması ilə eyni anda yerləşməliydi. Ancaq aradan 8 ay vaxt ötməsinə baxmayaraq, biz erməni hərbi birliklərinin Qarabağda terrorçu fəaliyyətini davam etdirdiyini müşahidə edirik. Bu isə 10 noyabr bəyanatının 4-cü maddəsinin (erməni hərbi birliklərinin Azərbaycan ərazisindən çıxarılması) icra edilmədiyinin, rus sülhməramlılarının üzərinə qoyulan vəzifəni yerinə yetirməməsinin birbaşa təsdiqidir”.

Politoloq qeyd edib ki, Vətən müharibəsinin dərhal ardından erməni silahlıları Ermənistan ərazisindən Azərbaycana keçərək, terror fəaliyyəti göstərməyə başlamışdılar:

“13 dekabr 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat və həmin əməliyyatla çoxsaylı erməni terrorçunun yaxalanmasını hər kəs yaxşı xatırlayır. O zaman erməni silahlılarının terror fəaliyyətini genişləndirmək planı darmadağın edildi və Azərbaycan ən sərt şəkildə mövqeyini ortaya qoydu. Ancaq o vaxt belə rus sülhməramlılarının məsuliyyət zonasından Azərbaycan Ordusu istiqamətində hər hansı atəş açılması və bunun nəticəsində Azərbaycan əsgərinin yaralanması baş verməmişdi, erməni terrorçuların diversiya fəaliyyəti olmuşdu. Rus sülhməramlıları da bu diversiya fəaliyyətindən “xəbərsiz” olduqlarını qeyd etdilər. Ancaq indi rus sülhməramlılarının arxasında gizlənib, 8 aydır hələ də fəaliyyət göstərən erməni terrorçularının məhz “təmas xətti” yaratmaq istəklərini müşahidə edirik. Bu isə qəti şəkildə qəbuledilməzdir!”

A.Camalqızı bildirib ki, rus sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsindəki mülki erməni əhalisinin təhlükəsizliyinin qarantı kimi çıxış etməlidir:

“Bunun da hədəfi odur ki, iki xalq arasında postmüharibə dövründə münasibətlərin normallaşması, kommunikasiyaların açılması, sərhədlərin dəqiqləşməsi prosesi zamanı kimsə əziyyət çəkməsin. Yəni bu, sülhməramlı missiya olmalıdır. Ancaq biz nə müşahidə etdik? 14 noyabr 2020-ci ildən rus sülhməramlıları erməniləri təmənnasız olaraq köçürüb gətirməklə bərabər, onların Qarabağda məskunlaşması üçün hər şey edirlər: minalar təmizlənir, evlər və sosial obyektlər təmir edilir, aylıq adambaşına ərzaq yardımı verilir, humanitar dəstək aksiyaları keçirilir, pulsuz müayinə və müalicələr aparılır və s. Rusiya sülhməramlıları 10 noyabr 2020-ci il bəyanatına uyğun olaraq erməni silahlı birliklərinin Azərbaycan ərazisindən çıxması deyil, ermənilərin Qarabağda məskunlaşması üçün çalışır; rus sülhməramlıları erməni mülki əhalisini deyil, sanki erməni terrorçularını, 30 ildir işğalı körükləyən Qarabağdakı erməni separatçılarını qorumaqla məşğuldur. Bəyanatın 4-cü maddəsini bir daha yada salaq: erməni hərbi birliklərinin çıxması ilə paralel rus sülhməramlıları yerləşməlidir. Bəs, rus sülhməramlılarının məsuliyyət zonasından, rusiyalıların durduğu yerdən Azərbaycan Ordusunu atəşə tutan erməni terrorçularının mövcudluğu hansı məntiqlə izah oluna bilər? Rusiya lideri Vladimir Putin 44 günlük savaşdan sonra 2 dəfə rəsmən elan edib ki, keçmiş Dağlıq Qarabağ hər zaman Azərbaycanın tərkib hissəsi olub. Belə olan halda separatçı erməni lider Xankəndidə necə fəaliyyət göstərə, rus sülhməramlıları ilə görüşlər keçirə bilir?”

Politoloq vurğulayıb ki, bu insidentə görə Rusiya sülhməramlıları izahat verməlidir:

“Rusiya sülhməramlı kontingenti Qarabağda hələ də erməni silahlı birliklərinin niyə qaldığına aydınlıq gətirməlidir. Necə ola bilər ki, bu proses 8 aydır uzanır? Niyə 10 noyabr bəyanatı ilə öhdəsinə düşən vəzifəni icra etmir? Rus sülhməramlılarının məsuliyyət zonasında erməni terrorçuları və separatçıları necə fəaliyyət göstərə bilirlər?

Əgər rus sülhməramlıları erməni terrorçuları Qarabağdan çıxarmaqda çətinlik çəkirlərsə, Azərbaycan Ordusu antiterror əməliyyatı keçirməyə hazırdır. Yaxud dünyada bir İsrail təcrübəsi var: Azərbaycan Ordusu 10 noyabr bəyanatına əməl etməyən, torpaqlarımızı tərk etməyən, rus sülhməramlılarının arxasında “gizlənən” təxribatçı ocaqları artilleriya və hava zərbələri ilə məhv etmək səlahiyyətinə sahibdir. Rus sülhməramlılarının borcudur ki, ya erməni terrorçularını Azərbaycan ərazisindən çıxartsın, ya da buna gücü və imkanı yetmədiyi üçün Azərbaycan Ordusundan kömək istəsin”.

Ağdamdakı Rusiya-Türkiyə Monitorinq Mərkəzinin bu insidenti ciddi araşdıracağına əminliyini bildirən politoloq qeyd edib ki, Azərbaycan Mərkəzə müraciət etməklə antiterror əməliyyatı üçün hüquqi zəmin hazırlayır:

“Azərbaycan Rusiyanın bölgədəki nüfuzunu hər zaman nəzərə alır və şimal qonşusunun narahatlığına əsas verən heç bir addım atmır. Azərbaycan Cənubi Qafqazda yeganə ölkədir ki, Rusiyanın maraqlarını NATO-ya satmır. Hətta Ağdamın mina xəritəsini Tiflisin vasitəçiliyi və Qərbin dəstəyi ilə alandan sonra növbəti mərhələdə eyni prosesi rus sülhməramlılarının vasitəçiliyi ilə həyata keçirdi. Bu, Rusiyanın Cənubi Qafqazda mövcudluğunu qəbul etdiyini Azərbaycanın ən yüksək səviyyədə nümayişi idi. Halbuki biz eyni yanaşmanı nə Tiflis, nə də İrəvanın addımlarından görürük. Ermənistanın birbaşa qərbyönümlü siyasət həyata keçirdiyini və Rusiyanın ən azı regional maraqlarına zidd davrandığını rusiyalı politoloqların özləri iddia edir.

Buna baxmayaraq, Rusiya da Azərbaycanın hərbi müttəfiqinin Türkiyə olduğunu bilir və bu faktı qəbul da edib. Rusiya sülhməramlılarının Rusiya siyasi elitasının qəbul etdiyi bu həqiqətə uyğun davranması mütləqdir. Əks halda Azərbaycan öz milli maraqları naminə zəruri addımlar atmağa məcbur olacaq və bu, Cənubi Qafqazda onsuz da zəifləyən Rusiyanın regional maraqları ilə uzlaşmayacaq. Bunun məsuliyyətini isə yenə də Moskva daşıyacaq”.

Rusiya və Türkiyənin bir çox regionda münaqişələrin nizamlanmasında uğurlar əldə etdiyini xatırladan Aynur Camalqızının sözlərinə görə, hazırda bu əməkdaşlığın inkişafında region ölkələrindən Azərbaycan daha çox maraqlıdır:

“Rusiya və Türkiyənin əməkdaşlığı regionda qüvvələr nisbətinin balanslaşması, hər ölkənin milli maraqlarının qorunması baxımından uğurlu bir formuldur və bunu əksər beynəlxalq güclər etiraf edir. Rusiya bu əməkdaşlığın qorunması və inkişafında hər kəsdən daha artıq maraqlıdır və sərhədləri yaxınlığında əməkdaşlıq etdiyi dövlətlərin milli maraqlarına toxunmağın əlavə problemlər gətirəcəyini yaxşı bilir. Bunun üçünsə qarşılıqlı razılaşmalar, götürülən öhdəliklər icra edilməli, əgər doğrudan da bu öhdəliklərin icrasında hansısa problem varsa, əməkdaş ölkəyə bildirilməli və yardım istənilməlidir. Hesab edirəm ki, bu insidentdə Rusiyanın bəlli ermənipərəst qüvvələri deyil, Kreml öz sözünü deyəcək. Azərbaycan Prezidentinin bütün dünyada yüksək səviyyədə qəbul edilən çox gözəl bir sözü var: “Sözümüz imzamızdır”. Azərbaycan məhz bu açıq, ədalətli, səmimi və gücə dayanan siyasəti ilə dünyada tanınır və əməkdaşlıq etdiyi ölkələrdən də bunu gözləyir. Putinin Qarabağ haqda mətbuat konfranslarında işlətdiyi sözlər və ifadələrin də “imza” olduğunu bir daha təsdiqləməsini gözləmək isə Azərbaycan xalqının da, dövlətinin də həm mənəvi, həm də hüquqi haqqıdır”.

Reaksiya.az

Şərhlər