Bakıda korona üçün münbit şərait: heç bir nəzarət yoxdur!
08.07.2021 13:20 Sosreaksiya 378
Sərnişinlər yalnız metrostansiyaya daxil olanda, turneketə yaxınlaşarkən polisin xəbərdarlığı ilə tibbi maskanı burunlarına qaldırırlar. Perrona düşəndən sonra isə demək olar ki, hamı ya tibbi maskanı çənəyə endirir, ya da ümumiyyətlə çıxararaq, qoluna keçirir.
Metro stansiyalarında müşahidə aparan Reaksiya.az əməkdaşı bildirir ki, metroda sosial məsafənin qorunması barədə xəbərdarlıqlara əməl edilmir, o cümlədən vaqonlarda boş saxlanılması nəzərdə tutulan oturacaqların heç biri boş olmur. Əslində bunun da səbəbi bəllidir, çünki vaqonlarda sıxlıq yaşanırsa və ayaqüstə durmağa belə çətinlik varsa, “sosial məsafəni” qorumaq üçün oturacaqları boş saxlamağın heç bir mənası qalmır.
Maraqlıdır, sosial məsafənin gözlənilməsinə, maskadan düzgün istifadəyə metrolarda kim nəzarət etməlidir?
Bununla bağlı saytımıza açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, metropoliten vətəndaşları inzibati məsuliyyətə cəlb eləmir, yalnız sərnişinlər arasında maarifləndirici təbliğat işləri aparır:
“Öncə metroya daxil olan vətəndaşa giriş yoxlama məntəqəsindən polis işçisi maska taxmağı və məsafə saxlamağı tələb edir”.
Qurum sözçüsü qeyd edir ki, qurum olaraq imkan daxilində ara məsafəsinə və maska taxılmasına nəzarəti təmin edirlər:
“Bütün stansiyalarda, həm monitorlarda, həm divarlarda pandemiya ilə bağlı statik məlumatlar yerləşdirilib. Eyni zamanda, stansiyalarda mərkəzləşdirilmiş qaydada məlumatlandırma da var. Mütəmadi olaraq, sosial məsafənin qorunması və maska taxılması ilə bağlı sərnişinlərə müraciət olunur.
Sərnişin qayda pozduqda stansiya işçisi yaxınlaşıb ona tövsiyə xarakterli məlumat verir. Hazırda bizim görə biləcəyimiz ən maksimal optimal tədbirlər bunlardır”.
Zəruri olaraq xatırladaq ki, metronun daxilində ümumiyyətlə heç bir nəzarət yoxdur.
Şərhlər