Füzulidə 2 nəfər minaya düşdü
08.07.2021 16:39 Sosreaksiya 377
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq işğaldan azad olunmuş ərazilərə qanunsuz yollarla ayrı-ayrı şəxslərin keçməyə cəhd göstərmələri hallarına hələ də rast gəlinir ki, belə təhlükəli səfərlər də onların minaya düşərək ya həlak olmaları, ya da ömürlük şikəst qalmaları ilə nəticələnir.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Reaksiya.az-a verilən məlumata görə, bu gün- iyulun 8-də Füzuli rayon sakinləri Nuru Nuriyev və Elnur Həşimov nəzarət postlarından kənar qanunsuz yollarla rayonun işğaldan azad edilmiş Aşağı Əbdürəhmanlı kəndi istiqamətində piyada hərəkət edərkən minalanmış ərazidə piyada əleyhinə minaya düşərək ağır bədən xəsarəti alıblar.
Hazırda onların hadisə yerindən təhlükəsiz əraziyə çıxarılması üçün polis əməkdaşları, Daxili Qoşunların hərbi qulluqçuları və ANAMA-nın mütəxəssisləri tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirlir.
Onu da qeyd edək ki, bu gün minaya düşərək ağır bədən xəsarəti alan Nuru Nuriyev hələ fevral ayında işğaldan azad olunmuş əraziyə keçməyə cəhd göstərərkən polis əməkdaşları tərəfindən saxlanılmış və inzibati qaydada 30 sutka həbs olunub.
Şərhlər