Avropa İttifaqının komissarı Azərbaycandan razı qayıtdı
09.07.2021 11:29 Sosreaksiya 313
Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Azərbaycana səfəri çərçivəsində Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Prezidentin köməkçisi və Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, həmçinin iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov ilə görüşlər keçirib.
Reaksiya.az xəbər verir ki, Oliver Varhelyi Aİ-nin rəsmi saytında Azərbaycana səfəri ilə bağlı təəssüratlarını bölüşüb.
O, çıxışında Azərbaycanın ən çiçəklənən ölkə olduğunu, koronavirus pandemiyası ilə uğurla mübarizə apardığını bildirib. O, Varhelyi, xüsusilə vurğulayıb ki, ölkə iqtisadiyyatı pandemiyanın mənfi təsirlərinə məruz qalmayıb və böhrandan cüzi əziyyət çəkib.
“Bununla belə, Azərbaycanın çiçəklənməsi həm də bölgənin, Cənubi Qafqazın çiçəklənməsindən də asılıdır”, - deyə Avropa Komissarı sözlərinə əlavə edib.
O, həmçinin çıxışında regionda aktual məsələlərdən biri olan əlaqələr barəsində də danışıb. Bu xüsusda qeyd edib ki, əlaqələr üçün Qara dəniz ilə Xəzər dənizini birləşdirmək, Azərbaycan üzərindən Xəzər dənizindən Qara dənizə və Avropaya gedən ticarət yollarına ehtiyac var. Varhelyi bununla da, bu əlaqələrin inkişafında Azərbaycanın böyük önəm daşıdığını vurğulayıb.
Komissar çıxışında Bakıda keçirdiyi görüşləri, etdiyi səfərləri xatırladıb. O, Bakı limanına səfərini və limanın baş direktoru Taleh Ziyadov ilə görüşünü, xüsusilə qeyd edib. O vurğulayıb ki, Aİ Bakı limanının daha da rəqəmsallaşdırılması, yaşıllaşdırılması və rəqabətədavamlı olması üçün təkliflərə sahibdir.
Bununla belə, Oliver Varhelyi Azərbaycanın Aİ-nin güclü tərəfdaşı olmasını da məmnuniyyətlə qeyd edib. O, həmçinin energetika naziri Pərviz Şahbazla görüşünü də qeyd edib və bildirib ki, görüşdə Aİ və Azərbaycan arasında energetika sahəsində əməkdaşlıq kimi strateji məsələlər müzakirə edilib.
Bununla yanaşı, Bakıdakı görüşlərdə iki tərəf arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları barədə də fikir mübadiləsi aparılıb.
Varhelyi son olaraq Qarabağ münaqişəsi sonrası planlar və ideyalar barədə müzakirələr apardığını bildirib. O diqqətə çatdırıb ki, Aİ müharibənin nəticələrinin aradan qaldırılması və regionda uzunmüddətli sülhün yaranması istiqamətində öz töhfəsini verməyə hazırdır.
Qeyd edək ki, Oliver Varhelyi Bakı səfərindən sonra İrəvana gedib.
Şərhlər