YAP Mərkəzi Aparatında Milli Mətbuat Günü münasibətilə jurnalistlərlə görüş keçirilib

22.07.2021 17:57     Sosreaksiya     541

İyulun 22-də Yeni Azərbaycan Partiyası Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov 22 iyul – Milli Mətbuat Günü münasibətilə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüş keçirib.

Reaksiya.az xəbər verir ki, görüşdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb. Azərbaycan milli mətbuatının yaranmasının 146 ilinin tamam olduğunu deyən Tahir Budaqovun sözlərinə görə, dövrünün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı cəmiyyətin güzgüsü olub, insanları düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Ötən 146 ildə Azərbaycan mətbuatı böyük, keşməkeşli yol keçərək bugünkü inkişaf səviyyəsinə çatıb.

 

YAP Sədrinin müavini qeyd edib ki, keçmiş sovetlər ittifaqı dövründə də Azərbaycan mətbuatı öz milliliyini qoruyub saxlamağa nail olub: “Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra isə milli mətbuatımızın inkişafında yeni mərhələ başlayıb. Bu dövrdə ulu öndər Heydər Əliyev tərəfindən milli mətbuatımıza dövlət qayğısının əsası qoyulub, senzura ləğv edilib, mətbuat haqqında qanunvericilik bazası yaradılıb, KİV-lərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb.”

Tahir Budaqov diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu bu siyasətin Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində milli mətbuatımız yeni-yeni nailiyyətlər qazanmaqdadır. Bildirilib ki, dövlətimizin başçısının siyasəti nəticəsində kütləvi informasiya vasitələrinin fəaliyyətində əhəmiyyətli uğurlar əldə olunub, eləcə də jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində önəmli addımlar atılıb. Cənab Prezidentin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin yaradılması mətbuatımızın daha da inkişafına xidmət edəcək.

YAP Mərkəzi Aparatının rəhbəri Azərbaycan jurnalistlərinin 44 günlük Vətən müharibəsində də rolunu xüsusi vurğulayıb. Qeyd edib ki, müharibə zamanı jurnalistlər döyüş bölgələrindən operativ informasiyalar verib, ordumuzun uğurları haqqında xalqa müfəssəl məlumatlar çatdırıblar. Eləcə də, Ermənistanın hərbi cinayətlərinin yerli və dünya ictimaiyyətinə çatdırılmasında KİV nümayəndələrinin böyük əməyi var. Tahir Budaqov həmçinin müharibə zamanı əlinə silah alıb döyüşlərdə iştirak edən xeyli sayda jurnalistlərimizin olduğunu da diqqətə çatdırıb. Azərbaycan xalqı peşə borcunu yerinə yetirərkən Kəlbəcərdə minaya düşərək həlak olan şəhid jurnalistlər Məhərrəm İbrahimovla Sirac Abışovun əziz xatirəsini daim yad edəcək. Cənab Prezidentin şəhid jurnalistlərin ailələrini mənzillə təmin etməsi isə bir daha dövlətimizin şəhid ailələrinə qayğısının nümunəsidir.

Postmüharibə dövründə də informasiya müharibəsinin davam etdiyini deyən Tahir Budaqov Azərbaycan mediasının bu dövrdə də öz missiyasını uğurla yerinə yetirdiyini qeyd edib.

Həmçinin bildirilib ki, 22 iyul-Milli Mətbuat Günü münasibətilə KİV nümayəndələri ilə keçirilən görüş ənənə halını alıb və Yeni Azərbaycan Partiyası mətbuatla əməkdaşlığa daim böyük önəm verir. Yeni Azərbaycan Partiyası bundan sonra da əməkdaşlığın güclənməsinə maraqlıdır.

Sonra görüşdə iştirak edən jurnalistlərə mükafatlar təqdim edilib. Mükafat alanlar arasında Reaksiya TV də var.

Daha sonra “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Yeni Müsavat” qəzetinin əməkdaşı Elşad Paşasoy, Cebhe TV-nin baş redaktoru Rəfail Becanov, “Vətəninfo.az” saytının baş redaktoru Nahid Canbaxışlı və “Səs” qəzetinin əməkdaşı Rövşən Rəsulov çıxış edərək Azərbaycan dövlətinin milli mətbuatımıza qayğısından bəhs edib, göstərilən diqqətə görə Yeni Azərbaycan Partiyasının rəhbərliyinə təşəkkür ediblər.

 

 

  •  

 

Sonda xatirə şəkli çəkdirilib.

Reaksiya.az

Şərhlər