"Ermənistan torpaqları xarabaya çevirib" - “Nyu-York Tayms” yazır

26.07.2021 14:52     Sosreaksiya     825

ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Dağlıq Qarabağda yerüstü minalar, buldozerlər və hökm sürən gərginlik” başlıqlı reportaj dərc olunub.

Reportajda 44 günlük müharibədən sonra bölgəyə dörd günlük səfərə gəlmiş jurnalistlərin – “Nyu-York Tayms”ın Moskva bürosunun rəhbəri Anton Troyanovski ilə fotoreportyor Sergey Ponomaryovun təəssüratları yer alır.

Bildirilir ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı yeddi rayonu 1994-cü ildən Ermənistanın nəzarətində olub: “Ancaq 2020-ci ildə Azərbaycan 44 günlük müharibə nəticəsində işğal olunmuş torpaqlarını və Dağlıq Qarabağın bir hissəsini azad edib”.

Jurnalistlər qeyd edirlər ki, onlar Azərbaycanın incisi sayılan Şuşa şəhərinə də gediblər, orada tikinti-quruculuq işlərini müşahidə ediblər, fotoşəkillər çəkiblər.

1990-cı illərin işğalı zamanı neçə-neçə azərbaycanlının doğma torpaqlarından qovulduğunu yazan jurnalistlər ermənilərin viran qoyduğu ərazilərə minalanmış sahələrin arasından, minalardan təmizlənmiş yollardan keçərək gəlib çıxdıqlarını bildirirlər. Onlar azərbaycanlıların dağılmış şəhər və kəndlərini yenidən bərpa etmək niyyətində olduqlarını vurğulayırlar.

Kəlbəcəri ziyarət edən xarici media nümayəndələri ötən ilin noyabrında ermənilərin dağıdaraq tərk etdikləri evləri öz gözləri ilə gördüklərini diqqətə çatdırırlar.

Ötən il həmin ərazini görmüş jurnalistlərdən biri budəfəki səfərində Kəlbəcər rayonunun mərkəzində bank şöbəsinin yerləşdiyi birmərtəbəli binanı tanıdığını qeyd edir. O, ötən il səfəri zamanı ermənilərin ərazini tərk edərkən bu binanın divarlarını çəkiclə necə dağıtdıqlarının şahidi olduğunu xatırladır.

Jurnalist yazır ki, o, ötən ilin oktyabrında Şuşada olarkən çoxmənzilli evin beton zirzəmisinə daxil olub və erməni qadınların orada gizləndiyini görüb: “Bu qadınlar 1990-cı illəri unutmadıqları üçün müharibənin nə demək olduğunu bilirdilər. Ancaq müasir silahların azman gücü bu dəfə çox fərqli idi”.

Jurnalist 2021-ci ilin iyun ayında Şuşaya səfəri zamanı həmin çoxmənzilli evin yerində boz torpaq gördüyünü yazır. Qeyd edir ki, Azərbaycanın tikinti-quruculuq işlərinə cəlb etdiyi britaniyalı memar Adrian Qriffits bu ərazinin yeni qala divarının bir hissəsi olacağını bildirib.

Reportajda qeyd olunur ki, prezident İlham Əliyev azərbaycanlıların təkcə dədə-baba torpaqlarına qayıtması ilə kifayətlənməyəcəyini, Şuşanı həmçinin Azərbaycanın mədəniyyət şəhərinə çevirəcəyini bəyan edib: “1990-cı illərin müharibəsinə qədər Şuşada 15 min nəfər yaşayıb və əhalinin çox hissəsi azərbaycanlı olub. Ötən ilin payızına qədər isə Şuşada 5 min erməni yaşayıb. Ermənilər Şuşanın onların tarixi torpaqları olduğunu iddia etsələr də, bu ecazkar dağ şəhəri 19-cu əsrdə Azərbaycan musiqisi və poeziyasının beşiyi hesab olunub”.

Reportajın müəllifləri yazırlar: “Şuşadan şərqə doğru torpaq düz və qurudur. Ermənistan şəhərləri xarabalıqlara çevirməklə bölgəni bufer zonası kimi işğal etmişdi. Tank əleyhinə səngərlər arasında hələ də sovet dövrünün üzüm bağlarının beton sütunları dayanırdı. Bu sütunların bəzisinin arasında tikanlı məftillər vardı.

İndi isə ərazi ekskavatorlarla, asfalt döşəyən maşınlarla və tüstü iyi ilə doludur. Çünki şaxtaları təmizləmək üçün ərazidəki otlar yandırılır. Beynəlxalq aeroportun eniş-uçuş zolağı asfaltlanır”.

Reportajda deyilir ki, Azərbaycan bölgənin ən böyük şəhəri hesab edilən Ağdamı da 100 minlik əhalisi olan cənnətməkana çevirəcəyinə söz verib.

Reaksiya.az

Şərhlər