ŞAD XƏBƏR: Gələn ildən aylıq gəliri 700 manat olan ailələr də sosial yardım ala biləcək

28.10.2021 13:55     Sosreaksiya     363

2022-ci ildə Azərbaycanda ehtiyac meyarının məbləği yaşayış minimumunun məbləğinə çatdırılacaq. 

Gələn il üçün "Ehtiyac meyarının həddi haqqında” və "Yaşayış minimumu haqqında” qanunlar qəbul ediləcək. Həmin qanunların layihəsinə əsasən ehtiyac meyarının məbləği 170 manatdan 200 manata, yaşayış minimumunun məbləği isə 196 manatdan 205 manata qaldırılacaq. 
 
Gələn il ehtiyac meyarında artım 30 manat və ya 17,65 faiz, yaşayış minimumunda artım 9 manat, yaxud 4,6 faiz olacaq.
 
Ehtiyac meyarının yaşayış minimumuna nisbətən daha böyük nisbətdə artırılmasında əsas məqsəd 2 göstərici arasında olan fərqin aradan qaldırılmasıdır. 
 
Qeyd edək ki, ehtiyac meyarı bir göstərici kimi ünvanlı dövlət sosial yardımın təyin edilməsi zamanı istifadə olunur. Qaydalara əsasən ailənin adambaşına düşən gəliri ehtiyac meyarından az olarsa, həmin ailə aztəminatlı hesab edilir və ona ehtiyac meyarından az olan məbləğ qədər ünvanlı dövlət sosial yardımı təyin edilir. 
 
Məsələn, gələn il 4 nəfərlik ailənin aylıq gəliri 700 manat olarsa, həmin ailə 100 manat ünvanlı sosial yardım ala biləcək. Çünki ehtiyac meyarının həddi 4 nəfərlik ailə üzrə 800 manat təşkil edəcək. 
"Ünvanlı dövlət sosial yardımı haqqında” Qanunda qeyd edilir ki, ünvanlı yardım gələcəkdə yaşayış minimumu əsasında müəyyənləşdiriləcək. Bunun üçün tədricən ehtiyac meyarının məbləği artırılaraq yaşayış minimumunun məbləğinə çatdırılacaq. 
 
2006-cı ildən ünvanlı dövlət sosial yardımı verilir. Həmin ildə ehtiyac meyarının məbləği 30 manat, yaşayış minimumunun məbləği 58 manat müəyyən edilmişdi. Hər il ehtiyac meyarının həddinin artırılmasına baxmayaraq ehtiyac meyarını yaşayış minimumuna çatdırmaq mümkün olmayıb və "Ünvanlı dövlət sosial yardımı haqqında” Qanundakı tələb yerinə yetirilməyib. Qanunda da qeyd edildiyi kimi insanların minimum ehtiyacları yaşayış minimumu əsasında müəyyənləşdirilir və ünvanlı yardım da buna uyğun təyin edilməlidir. 
 
2022-ci ildə ehtiyac meyarının 30 manat artırılması uyğunsuzluğu xeyli dərəcədə aradan qaldıracaq. 
 
Ehtiyac meyarının məbləğinin artırılması hesabına həm də təyin edilən ünvanlı yardımların məbləği artacaq. Ötən il yardımın orta məbləği adambaşına 57 manatı, bu il 65 manatı ötüb. Gələn il yardımların orta məbləğı daha çox artacaq. Adambaşına düşən məbləğin 75-80 manat olması mümkündür.  
 

Şərhlər