Sabir Rüstəmxanlıdan məmurlara etiraz

10.11.2021 14:55     Sosreaksiya     321

Deputat Sabir Rüstəmxanlı Milli Məclisdəki büdcə müzakirələrində bir sıra vacib məsələlərə toxundu. Dedi ki, rəqəmlər öz yerində, amma xalqı narahat edən məsələlər var, bunlar deyilməlidir.

S.Rüstəmxanlı öncə büdcə müzakirələri ilə bağlı sistemin dəyişdirilməsini təklif etdi. Bildirdi ki, həm komitə, həm plenar iclaslarda hökumət nümayəndələri və deputatların çıxışları təkrar olur, bu məsələyə baxılmalıdır.

S.Rüstəmxanlı da V.Əhmədovun fikirlərinə qatılaraq bahalıqda şikayətləndi: “Məmurlar deyirlər ki, yanacağın qiymətinin qalxması qiymətlərə təsir etməyəcək. Bu, gülünc söhbətdir. Necə yəni təsir etməyəcək? Həm yaşayış minimumu, həm də minimum əmək haqqına yenidən baxmaq lazımdır və ciddi şəkildə artırılmalıdır”.

Deputat kəndlərlə şəhər arasında böyük fərqin olduğunu söylədi: “Əbülfəz Qarayevin vaxtında Mədəniyyət Nazirliyinin Azərbaycan kəndlərində dağıtdığı abidələrin, obyektlərin siyahısına baxın! Kəndlərdə kitabxanalar, klublar dağıdıldı, ləğv edildi. Mənim kənddə yaşayan vətəndaşım bir arayış almaq üçün biri Cəlilabada, biri Masallıya, digəri Biləsuvara gedir. Bu, nə deməkdir? Ya rayonlar ləğv olunsun, ya da belə pərakəndəlik doğru deyil! Büdcədən maliyyələşən idarələrin sayını azaltmaqdansa, biz bu idarələrin sayını artırırıq. Əksinə, özəlləşmə getməlidir ki, dövlətin yükü azalsın”.

S.Rüstəmxanlı dedi ki, ölkədə Cənubi Afrikadan gətirilən meyvələr bazarlarımızda satılır, amma kəndlərimizdə meyvələr bazara çıxarılmır, kəndçinin məhsulu əlində qalır, çürüyür: “Dövlət bu məhsulları alıb bir hissəsini saxlaya bilər. Bizdə tənzimləmə sistemi yoxdur”. S.Rüstəmxanlı dedi ki, Azərbaycan Prezidenti gecə-gündüz çalışır, Qarabağı qurur, amma bəzi dairələr var, onlar sanki görülən işlərə kölgə salmaq üçün çalışır: “Azərbaycan rayonlarının 95 faizində kitab mağazası yoxdur, kəndlərimizin əksəriyyətində xarici dil müəllimi yoxdur. Adətən, dövlət qurumlarında çalışmaq üçün ingilis dili tələb olunur. Mən bilmirəm, hansı proqramdır, niyə bizim kənd sakinlərini dövlət idarəçiliyindən kənarda saxlamaq istəyirlər?”

Ardınca S.Rüstəmxanlı iclasda hökumət üzvlərinin iştirakından istifadə edərək, məmurlara yazdığı məktublara, həmçinin telefon zənglərinə cavab verilmədiyini söylədi və millət vəkillərinə sayğısız yanaşmalara etirazını bildirdi: “Deyirlər ki, nazir obyektdədir. Bu, hansı obyektdir, bilmirik. Günlərlə gözləyirsən, yazdığın məktuba cavab gəlmir. Səfa müəllim yazır, məktubuna cavab yazır. Amma Səfa müəllim də 125 deputatın hər birinin əvəzinə məktub yaza bilməz ki. Mən xalq şairiyəm, millət vəkiliyəm, bu dövlətin qurulmasında xidmətlərim olub. Bir-birimizə sayğımız olmalıdır, dövlət idarələri saat mexanizmi ilə işləməlidir”.

Reaksiya.az

Şərhlər