Fazil Mustafa: “Artıq bütün vətəndaşlar cərimə altındadır”
10.11.2021 15:04 Sosreaksiya 330
Deputat Fazil Mustafa Milli Məclisdəki büsdcə müzakirələrində ölkədə investiya mühitinin yaradılmasını zəruri saydı. “Niyə Rusiyaya yatırım qoyan iş adamı Azərbaycana yatırım qoymaq istəmir” sualına cavab axtarmağa çağırdı. Deputat dedi ki, büdcədə bələdiyyəyə 11 milyon manat pul ayrılıb: “Bu, nəyi dəyişəcək? Biz ciddi addımlar atmalıyıq ki, büdcəyə yük olan qurumlardan uzaq olaq. Bu quruma 5 il pul verdik, bəs sonra?”
F.Mustafa digər məsələdən də bəhs etdi. Dedi ki, bəzi sahələrdə ciddi islahatlara getmək lazımdır: “Özəlləşmənin qiymətini də aşağı salmaq lazımdır ki, fayda verməyən, gəlir gətirməyən müəssisələrin özəlləşdirilməsi mümkün olsun. Ölkədə 86 publik hüquqi şəxsə 336 milyon manat vəsait ayrılır. Bu, artan tendensiya ilə gedir, əksinə, azalan tendensiya ilə getməli, büdcənin yükü azaldılmalıdır”.
Bakı Nəqliyyat Agentliyinin fəaliyyətindən şikayətlənən F.Mustafa “artıq bütün vətəndaşlar cərimə altındadır” söylədi. O, paytaxtda yol infrostrukturunun normal qurulmadığını da vurğuladı: “Biz ümid edirik ki, məcburi köçkünlər Qarabağa qayıdandan sonra şəhər yüngülləşəcək, amma bu da real görünmür. Deputat böyükşəhər bələdiyyəsinin yaradılmasını zəruri saydı. “Zirzəmilər su ilə doludur, təmizləmək olmur”, deputat əlavə etdi.
Zabratda 850 yerlik məktəbdə 2280 şagirdin təhsil aldığını söylədi: “Burada nə keyfiyyət olacaq?”
Şərhlər