"Sərhədçilər mükafat, hədiyyə almaq üçün xidmət etmir"

18.08.2015 14:07     Sosreaksiya     3255

Xəbər verildiyi kimi, bu gün Azərbaycanda Dövlət Sərhəd Xidməti (DSX) əməkdaşlarının peşə bayramıdır.  

Hərbçi-jurnalist Rəşid Faxralı Reaksiya.az vasitəsi ilə sərhədçiləri təbrik edib: “Bu gün çox müqəddəs bir bayramdır. Biz bu gün sərhədçilərin ayıq-sayıqlığının, çevikliyinin hesabına belə əmin-amanlıqda yaşayırıq. Onların bayramlarını təbrik edirəm, hər birinə  uğurlar arzulayıram. Sərhədçilərin xidmətlərinin məsuliyyətini vətəndaş olaraq hər birimiz dərk edirik. Ölkə başçımız çox alqışlanası bir addım atdı və xidməti ilə fərqlənən sərhədçiləri təltif etdi. Sərhədçilərin mükafatlandırılması çox həvəsləndirici amildir. Çəkilən əziyyətin müqabilində mükafatlandırılma vətəndaşda fəxarət hissi doğurur, ruhlandırır, daha yaxşı işləməyə sövq edir. Ancaq əminliklə deyə bilərəm ki, sərhədçilərin heç biri mükafat, hədiyyə almaq üçün xidmət etmir. Azərbaycana xidmət onların canından, qanından gəlir. Onlar üçün ən böyük mükafat vətən qarşısında üzü ağ olmaqdır, döyüş tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməkdir”.

Xatırladaq ki, 1919-cu il avqust ayının bu günündə Azərbaycan Xalq Cumhuriyyətinin parlamenti ölkə sərhədlərinin mühafizə edilməsi haqqında qanun imzalayıb.

Ümummilli lider Heydər Əliyev tərəfindən 2000-ci il 16 avqust sərəncamı ilə avqustun 18-nin Azərbaycanda Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunması qərara alınıb.

Sərhədçilərin peşə bayramı ölkədə artıq dünəndən qeyd edilməyə başlayıb.

Prezident İlham Əliyevin sərəncamı ilə  xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiy­yətlərlə əlaqədar Dövlət Sərhəd Xidmətinin bir qurup hərbi qulluqçusu “Tərəqqi” “Vətən uğrunda” “Hərbi xidmətlərə görə” medallarıı, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Həmçinin, DSX əməkdaşları üçün salınmış yeni şəhərciyin açılışı olub. Hərbi qulluqçulara güzəştli ipoteka şərtlərlə tam təmirli, elektrik enerjisi, su, qaz və fərdi istilik sistemləri ilə təmin edilmiş mənzillər verilib.

 

Şərhlər

Çox oxunanlar