Sabir Rüstəmxanlı: “Elə ailə var ki, qazı ödəməyə pulu çatmır”
23.11.2021 12:55 Sosreaksiya 326
Deputat Sabir Rüstəmxanlı parlamentdəki büdcə müzakirələrində bir sıra vacib mövzulara toxundu, iclasda işkirak edən hökumət nümayəndələrinə müraciət etdi. Bildirdi ki, uğursuz qiymət siyasəti, bahalaşma, rüşvətxorluq Azərbaycanın uğurlarına kölgə salmamalıdır: “Ölkə qanunlarla idarə edilməlidir. Oliqarx nazir fəaliyyəti ilə yox. Bu gün işsizlik, kommunal xərclərin artması , müxtəlif cərimələr, rüsumlar insanları narahat edir. Elə ailə var ki, qazı ödəməyə pulu çatmır. Hökumət qələbədən sonra gördüyü işlərə diqqəti artırmalıdır”.
S.Rüstəmxanlı dedi ki, insanlar müharibədən sonra yeni Azərbaycanda yaşamaq istəyir: “Bizim üçün prioritet işğaldan azad olunmuş yerlərin bərpası məsələsidir. Xalq bunu başa düşür. Cəmiyyətdə olan bu sabitlik xalqın bunu başa düşməsinə görədir. Ancaq xalqın sosial rifahı da yaxşılaşdırılmalıdır. Biz cəmiyyətdəki ağrıları görürük və deyirik. Onun müalicəsi hökumətin işidir. Xahiş edirəm ki, burda biz deyənlərə hökumət üzvləri ciddi yanaşsınlar. Prezidentin ölkə boyu kərpic-kərpic qurduğu siyasət məmurların etinasızlığı ilə sökülməməlidir. Pensiyalar kəsilir, kommunal xərclər maaşları üstələyir. Bu məsələlərə baxılmalıdır”.
Deputat seçildiyi Neftçala rayonunun problemləri barədə də hökumətə yönəlik fikirlərinin olduğunu, bu haqda komitə iclasında danışdığını dedi. Həmçinin Bakıda Azərbaycan dilinə münasibətdən narazılığını ifadə etdi. Dedi ki, paytaxtdakı reklam lövhələrinin 94 faizi əcnəbi dillərdə yazılıb.
S.Rüstəmxanlı Fransanın Azərbaycan əleyhinə fəaliyyətinə də etirazını bildirdi və həmkarlarının bu məsələ ilə bağlı fikirlərini bölüşdüyünü söylədi.
Şərhlər