Kabel televiziyaları niyə qiyməti artırıb? - SORĞU

18.08.2015 14:43     Sosreaksiya     2326

Xəbər verdiyimiz kimi, sentyabrdan etibarən kabel televiziyalarının qiyməti vahid tarifə keçərək 10 AZN olacaq. Bu xəbər ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Bəzi insanlar bu məsələdən razı olsalar da, bir qisim insanlar ümumiyyətlə kabel televiziyalarından narazılıqlarını dilə gətirib.

Reaksiya.az olaraq məsələ ilə bağlı Facebook sosial şəbəkəsində apardığımız sorğuya verilən cavabları təqdim edirik.

Jurnalist İsmayıl Rafiqoğlu ATV plyus kabel telviziyasından narazı olduğunu bildirib. O qeyd edib ki, bir ildən artıq ATV plus-dan yararlanır: "9 manata əvvəl hardasa 70 kanal təklif olunurdu, onun da 5-6-sı göstərmirdi. Tez-tez donmalar olurdu, səs eşidilirdi, amma görüntü donub qalırdı. Sonralar paket genişləndi, hazırda 150-yə yaxın kanal təqdim olunur, amma Azərbaycan kanalları və TRT olan ilk 10 kanaldan sonra bir boşluq yaranır, hardasa 50 kanal itir, sonra növbəti kanallar peyda olur. Donma da öz yerində. Hərdən heç bir kanala baxa bilmirik. Zəng edirik, yoxlayırlar, nəsə görüntü yaranır. Sonra yenə itir. Mənim baxdığım kanallar yoxdursa, nəyə görə pul ödəyim? Avqust ayında heç pul vermədim də, yerli kanallar var, bəsimizdir. Düşünürəm, fiber-optik internet evlərə tam gəlsə, bu TV-lər ya tam aradan çıxacaq, ya da başqa cür işləməyə məcbur olacaqlar".

"Smart TV” kabel televiziyası istifadəçisi Sönməz Muxtarov qiymət artımından  narazı olmadığını deyib: “ Abunə haqqına bir manat əlavə edilməsində elə bir problem görmürəm. Əgər keyfiyyət yüksələcəksə,  kanal sayı da artacaqsa, bir manat artıq ödəmək problem deyil”.

Bakı şəhər sakini Rumiyyə Tağızadə isə düşünür ki, qiymətdə kəmiyyəti artırmazdan öncə yayım keyfiyyətini yüksəltmələri lazımdır: "İnsanlar yüksək xidmətin qarşılığında artırılan məbləğin yüksəldilməsinin fərqində belə olmaz. Düşünürəm ki, heç kim zəif keyfiyyətə müqabilində yüksək məbləğ ödəməyəcək".

Bakı Slavyan Universitetinin doktorantı Ülkər Cəfərova isə vurğulayıb ki,”Ailə TV” kabel televiziyasından istifadə edirlər və çox razıdırlar.  

Jurnalist Elman Cəfərli isə kabel televiziyasından tamamilə imtina etməyi planlaşdırır: “KTV abunəçisiyəm. Analoq yayım zamanı yayımın keyfiyyəti yaxşı idi. Rəqəmsala keçəndən sonra keyfiyyət çox aşağı düşüb. Kabel televiziyasından imtina etmək barədə düşünürəm. Düşünürəm ki, peyk antennası almaq məsləhətdir”.

Şərhlər

Çox oxunanlar