Boyumuzu necə uzada bilərik? - Həkim məsləhəti

18.08.2015 15:55     Sosreaksiya     10244

Boylarından narazı olan bəzi insanlar "bu problemi" aradan qaldırmaq üçün müxtəlif vasitələrə əl atır, kimyəvi tərkibli maddələr və dərmanlar qəbul edirlər.

Həkimlərin fikrincə isə, boyun uzanması orqanizmin genetik və hormonal quruluşu ilə yanaşı, qidalanma və idman kimi bir çox amillə bağlıdır. Bütün bu amillər normal olduğu zaman insan ancaq genetik olaraq müəyyən edilmiş boyuna çata bilər.

Həkim-pediatr Məzahim İbrahimov Reaksiya.az-a açıqlamasında bildirib ki, boy uzadan dərmanlar yalnız insan bədənində meyllilik  olduğu zaman kömək edə bilər:

“Boy uzadan dərmanlar yalnız orqanizmin inkişafına təkan verir. Əgər uşaq yaxşı qidalanmırsa, vitaminlər qəbul etmirsə, onda o vitanimləri qəbul etdikdə boyu uzanır. Ancaq boyun uzanmaq imkanı yoxdursa, nə qədər vitamin qəbul etsə də uzanmayacaq”.

Pediatr bu tip dərmanların qəbulu üçün həkim məsləhətinin vacibliyini xüsusi vurğulayıb:

“Hər insanın orqanizmində boy hormonu adlanan hormon var. Boyundan narazı olan şəxs öncə həkimə müraciət etməlidir, müvafiq analizlər aparıldıqdan sonra həkim məsləhəti ilə dərmanı qəbul edə bilər. Analizlər zamanı orqanizmində boy hormonu nə qədər olduğu müəyyənləşir və ehtiyac olarsa, həkim həmin dərmanı yazır. Hər bir dərmanın kənar təsiri olduğu kimi bu cür dərmanların də kənar təsirləri var.  Ona görə də belə dərmanları qəbul etməzdən öncə həkimlə məsləhətləşmək mütləqdir. Həkim bu dərmanlarla hansı qidaları qəbul etməyi, hansıları qəbul etməməyi müəyyənləşdirməlidir".

“Yetkinlik yaşına çatan insanlar belə tibbi məhsullarla boyunu uzada bilməz”

Məzahim İbrahimov onu da vurğulayıb ki, böyümə sümüklərin oynaq yerlərində yerləşən böyümə qığırdaqları köməyilə baş verdiyindən kişilərdə ən gec 18 yaşlarında, qızlarda isə 15-16 yaşında dayanır:

"Bu qığırdaqlar sümüyə çevrildiyindən insan yetkin boyuna çatmış sayılır. Bundan sonra insanın boyunun qısa olsa belə hər hansı dərman vasitəsi kömək etmir. Buna görə də boy qısalığından şübhələnilərsə, mümkün olan ən erkən yaşda və bəzən yeniyetməlikdən əvvəl dəyərləndirilməli, həkimə müraciət edilməlidir. Normal qidalanan və qidalanmanı pozacaq hər hansı bir xəstəliyi olmayanlar şəxslərdə, əlavə qida köməyinə ehtiyac yoxdur".

Şərhlər

Çox oxunanlar