Namiq Həsənov nə vaxt zühur edəcək? - 3 gündür Mətbuat Xidmətinin rəhbəri qeybə çəkilib

18.08.2015 16:36     Sosreaksiya     3143

Nəqliyyat Nazirliyinin Mətbuat Xidməti telefon zənglərinə cavab vermir

Bildiyiniz kimi Respublikamızda baş tutan və öz möhtəşəmliyi ilə yadda qalan Avropa Oyunları ərəfəsində Nəqliyyat Nazirliyinin çox önəmli bir açıqlaması olub. Belə ki, paytaxt Bakıda Rusiya istehsalı olan avtomobillərin taksi xidməti kimi fəaliyyət göstərmələrinə icazə verilməyəcəyi deyilmişdi.

Düzdür, “Bakı-2015” I Avropa Oyunları ərəfəsində bu məsələ gündəmdə olduğundan qeyd edilən faktla bağlı Nəqliyyat Nazirliyinin əməkdaşları çox ciddi məşğul idilər. Həmin zamanlarda Rusiya istehsalı olan avtomobillərin taksi kimi fəaliyyətinə icazə verilmirdi. Axı necə də olmasa, avropalılardan ayıb idi. Bəs, indi nə oldu?

Reaksiya.az xəbər verir ki, Rusiya avtomobillərinin taksi kimi fəaliyyət göstərməsi paytaxt Bakıda yenidən gündəmdədir. Hətta, bu gün fiziki şəxs kimi fəaliyyət göstərən taksi sürücüləri tərəfindən avtobus dayanacaqlarının kobud şəkildə zəbt edilməsi faktları da mövcuddur. Bunun nəticəsi olaraq da avtobusların dayanacaqlarda dayanması və vətəndaşlara xidmətlərin göstərilməsi istiqamətində xeyli ciddi problemlər yaranır. Ancaq təəssüflər olsun ki, bu faktlar daha əlaqədar qurumun nümayəndələrini artıq narahat etmir. Belə olmasaydı, üç gün ərzində Nəqliyyat Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri olan Namiq Həsənov yəqin ki, telefon zənglərimizə cavab verərdi.

Doğrusu, dövlət qurumunun mətbuatla bağlı sözçüsünün öz həmkarlarının zənginə biganə qalmasını anlamaq çox çətindir. Hər zaman mətbuata açıqlamalar verən hörmətli Namiq Həsənovun hazırda zənglərə cavab verməməsi bu mövzunu yenidən gündəmə gətirir.

Ümid edirik ki, yaxın günlərdə Namiq Həsənov telefon zənglərimizə cavab verməklə bizi və ictimaiyyəti düşündürən sualları cavablandırmış olacaq.

Məsələyə yenidən qayıdacağıq.

 

Şərhlər

Çox oxunanlar