Gənc müəllimlər niyə işləmək üçün rayonlara getmir? - Ekspert rəyi

18.08.2015 18:00     Sosreaksiya     2551

Gənclər universiteti bitirdikdən sonra rayon məktəblərində müəllimlik etmək istəmir. Təkcə Cəlilabad rayonunda 200 müəllimə ehtiyac var. Ötən ilki tədris ilində sözügedən rayona 165 vakant yerə 62 müəllim gəlsə də, onlardan təqribən 25%-i sonradan geri qayıdıb. Bu isə gənclərin rayonlarda müəllimlik etmək istəyinin olmamasının göstəricisidir.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Vahid Aslan bildirib ki, ümumilikdə müəllimlik peşəsinin nüfuzu azalıb: Bu peşəni əvvəlki statusuna qaytarmaq lazımdır. Biz nə qədər tənqid etsək də, əleyhinə getsək də sovet dövründə müəllimin nüfuzu daha yüksək idi”.

Ekspert qeyd edib ki, müəllimin maddi təminatı artırılmalıdır: "Düzdür, ara-sıra müəyyən qədər artım müşahidə olunur. Lakin son nəticədə bu, hələ də kifayət qədər yüksək deyil. İnsanların maddi asılılığını aradan qaldırmaq lazımdır".

Vahid Aslanov düşünür ki, ucqar rayonlarda telekommunikasiya sistemləri yaxşı qurulmalıdır ki, gənclər orda işləyəndə özlərini dünyadan təcrid olunmuş kimi hiss etməsin: “Gənclər ali məktəbi başa vurduqdan sonra şəhərlə kəndin fərqini bildiyindən kənddə işləmək istəmir. Şəhərdəki inkişafla müqayisədə kənddə qalmış geriliyi görən insan ora gedib yaşamaq istəməz. Bəzi kəndlərimizdə hələ də köhnə streotiplər var. Adicə mənim ailəmin yaşadığı Gədəbəy rayonunun bir çox yerləri var ki, orda internet belə yoxdur. Kəndin problemləri həddən artıq çoxdur. Bu problemlər aradan qaldırılmalıdır”.

“Təyinatla məcburi şəkildə bu boşluğu aradan qaldırmaq mümkün deyil”- deyən ekspert gəncin kənddə yaşaması üçün stimullaşdırmanın vacibliyini qeyd  edib: “Təbii ki, təyinatla gəncləri rayonlara göndərmək olar. Lakin gənci kəndə bağlayan mühit formalaşmasa, gənc diplomunu ataraq təzədən şəhərə gəlib fəhlə işləyəcək. Fakt göz qarşısındadır. Gedib tikintidə işləyənləri təhlil edək. Əksəriyyəti cibində müəllim diplomu olanlardır. Zorakılıqla mümkün deyil”.

Ekspert vurğulayıb ki, sadaladığı problemlər aradan qaldırılsa, əlavə güzəştlər olsa, maddi cəhətdən bir çox stimullar qoyulsa, bu məsələ həll oluna bilər.

 

Şərhlər

Çox oxunanlar