Saleh Rüstəmli ilə görüşən həkim: "Sosial şəbəkələrdəki informasiyalar doğru deyil"

09.12.2021 13:16     Sosreaksiya     363

Tanınmış həkim, professor Adil Qeybulla bir müddətdir ki, həbsxanada aclıq aksiyası keçirən Saleh Rüstəmli ilə görüşürək onu müayinə edib.
 
Reaksiya.az xəbər verir ki, Adil Qeybulla AZXEBER.COM-a açıqlamasında Saleh Rüstəmlinin səhhəti haqda danışıb. 
 
Professor bildirib ki, aclığın bəzi izləri qalsa da, Saleh Rüstəmli özü gəzə, söhbət edə bilir:
 
"Bu gün əsas məqsəd Saleh Rüstəmlini oradan çıxarmaqdır. Mümkün qədər ona kömək etməkdir, gücümüz ona yönəlməlidir. Mən onu srağagün müayinə etdim və göstəricilərinə baxdım. Həyati göstəriclərinə stimul vermək üçün ona bir neçə gün əvvəl venadaxili dəstək müalicəsi başlanılıb. Təbii ki, keçirdiyi aclığın izləri onda qalıb, arıqlayıb, zəifləyib, amma çətin yerisə də, özü gəzir, oturur, söhbət edir. Mən ona aclığı dayandırmağı təklif etdim. Düzdür, biz onun iradəsinin əleyhinə gedə bilmərik. Digər tərəfdən mən ora onun ailə üzvlərinin xahişi ilə getmişəm və müayinə məqsədim də həkim kimi ona kömək etməkdir”.
 
 
Həkim onu da qeyd edib ki, sosial şəbəkələrdə Saleh Rüstəmlinin vəziyyətinin kritik olması ilə bağlı məlumatlar həqiqəti əks etdirmir:
 
"Sosial şəbəkələrdə gedən bəzi informasiyalar düzgün deyil. Məsələn, yazırlar ki, Saleh Rüstəmli çox kritik durumdadır və s. Bunlar doğru məlumatlar deyil. Düzdür, bu qədər aclıq edən adamdır, əgər ona o dəstək olmasaydı, o, çoxdan komaya düşə bilərdi. Bunu da nəzərə almaq lazımdır. Bu qədər müddət aclıq edən adam ayaq üstə gəlib həkimlə görüşə bilirsə, deməli burada hansısa dəstək var. Bütün bunları nəzərə almaq lazımdır. Bu proses gedir, ümid edirəm ki, bizim təkrar görüşümüz olacaq və sonra ilk növbədə onu həyatda tutmaq üçün əlimizdən gələni etməliyik və mən burada tibbi aspektləri nəzərdə tuturam.
 

 

Şərhlər