İqtisadçı ekspert: “Elə məhsullar var ki, daxili istehsalı ərzaq təhlükəsizliyi qədər önəmlidir”
11.12.2021 12:43 Sosreaksiya 411
“İqtisadi və siyasi islahatlar bir-birini tamamlayarsa...”
Azərbaycanın istehlak bazarında bahalaşma davam edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2021-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-noyabr aylarına nisbətən 6,2 faiz artıb. Bu zaman ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bahalaşma 7,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 4,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,4 faiz təşkil edib.
Cari ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən isə 11,1 faiz yüksəlib. Bu zaman ən yüksək illik bahalaşma ərzaq məhsullarında qeydə alınıb. Belə ki, 2021-ci ilin noyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,9 faiz, əvvəlki ilin Noyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, çörəyin, peçenyenin, düyünün, kolbasa məmulatlarının, toyuq, mal və qoyun ətinin, təzə və dondurulmuş balığın, qatılaşdırılmış şəkərli və sterilizə olunmuş üzlü südün, kəsmiyin, xamanın, yoqurtun, pendirin, yumurtanın, kərə yağının, süfrə marqarininin, üzümün, bananın, armudun, qozun, fındığın, xiyarın, badımcanın, bibərin, kələmin, kartofun, soğanın, sarımsağın, mərcinin, şəkər və şəkər tozunun, konfetlərin, çayın, qəhvə və kakao tozunun, meyvə şirəsinin, arağın, ucuzlaşma isə əsasən portağalın, naringinin, heyvanın, xurmanın, kivinin, pomidorun və çuğundurun qiymətlərində müşahidə olunub. Göründüyü kimi, bütün əsas ərzaq məhsullarının qiymətində bahalaşma baş verib.
2021-ci ilin noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,5 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 7,1 faiz artıb. Noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 1,6 faiz, əvvəlki ilin noyabr ayına nisbətən 9,1 faiz artıb. Statistika orqanı deyir ki, əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksinin artması elektrik enerjisi və təbii qaz təchizatı xidmətlərinin əhali qrupu üzrə müvafiq olaraq aylıq və illik istehlak həcmlərinə görə tariflərinin dəyişdirilməsi nəticəsində elektrik enerjisi və təbii qaz təchizatı xidmətlərinin orta qiymətlərinin artması, habelə paltarların təmiri, kimyəvi təmizlənməsi və kirayəsi, ayaqqabı, məişət cihazları və minik avtomobillərinin təmiri, ictimai iaşə, stomatoloji, bərbərxana və kosmetoloji xidmətlərin qiymətlərində bahalaşmanın müşahidə olunması ilə bağlı olub.
Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə ərzaq məhsullarına 18 milyard 842 milyon manat xərclənib. Bu göstərici 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz çoxdur. Təkcə noyabr ayında əhali ərzaq məhsullarına 1 milyard 977 milyon manat xərcləyib ki, bu da oktyabr ayı ilə müqayisədə 1,5 faiz azdır. Xatırladaq ki, ötən ay əhalinin ərzaq məhsullarına xərcləri bu ilin ən yüksək aylıq göstəricisi (2 milyard 6 min manat) kimi qeydə alınmışdı və bu il ilk dəfə 2 milyard manatı keçmişdi. Ötən il sözügedən aylıq göstərici 2 milyard manat həddini dekabr ayında keçmişdi(APA).
Onu da qeyd edək ki, Baş nazir Əli Əsədov Milli Məclisdəki büdcə müzakirələri zamanı Azərbaycana bahalaşmanın idxal olunduğunu qeyd edərək, hökumətin yerli istehsalı artırıb, idxaldan asılılığı azaltmaq planı olduğunu bildirmişdi.
İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, həqiqətən də ölkədəki bahalaşmanın obyektiv səbəblərindən biri dünya bazarındakı bahalaşma ilə bağlıdır: “Dünya bazarındakı bahalaşma və Azərbaycan bazarının idxaldan asılılığının yüksək olması şəraitində bahalaşmanın ölkəyə idxalı qarşısıalınmaz prosesdir. Lakin Azərbaycanın öz ərzaq təhlükəsizliyini təmin edəcək potensialı var. Ölkəmiz aqrar ölkədir: kənd təsərrüfatı məhsulları üzrə öz-özünü təmin edə bilər. Bir sıra məhsullar - meyvə-tərəvəz, quş əti, yumurta, mal əti və sair üzrə tam özünütəminata nail də olunub. Amma əsas ərzaq məhsulu olan buğda təminatında idxaldan asılılıq ildən-ilə artır. Lakin bahalaşma dedikdə biz yalnız ərzaq məhsullarını nəzərdə tutmamalıyıq. Gündəlik tələbat malları var ki, onlar üzrə idxaldan asılılıq ərzaq təhlükəsizliyi qədər vacibdir. Dünyada gedən inkişaf nəticəsində gündəlik tələbat mallarının çeşidi, insan həyatında rolu ciddi dəyişikliklərə uğrayıb. Bu baxımdan, elə məhsullar var ki, onların daxildə istehsalının qurulması ərzaq təhlükəsizliyi qədər önəmlidir”.
Ekspert bildirir ki, Azərbaycanda istehsal mühitinin yaradılması üçün fundamental islahatların həyata keçirilməsinəehtiyac var: “Ən azından biznes mühiti təkmilləşdirilməlidir. Bunun üçün müvafiq institutlar formalaşdırılmalıdır. Ədalətli məhkəmə, real nəzarət səlahiyyətlərinə malik qanunverici orqan olmalıdır. Xarici investorlara ölkə iqtisadiyyatına investisiya qoymaları üçün normal şərtlər təmin olunmalıdır. Yerli istehsalın xammal idxalından asılılığı aradan qaldırılmalıdır. Bütün bunlara nail olunması üçün iqtisadi və siyasi islahatlar bir-birini tamamlamalı, qlobal inteqrasiya gücləndirilməlidir”.
Şərhlər