Nazirdən xəbərdarlıq: “Azərbaycanda qanunsuz tikililər olmayacaq”

13.12.2021 10:03     Sosreaksiya     297

“Qanunsuz tikililərlə mübarizə istiqamətində çoxsaylı tədbirlər həyata keçirilir”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Nazir deyib ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi yaradılandan sonra Bakı şəhəri, digər şəhər və rayon mərkəzlərində bu işə xüsusi diqqət ayrılıb: “İndi Dövlət Şəhərsalma və Arxitektoru Komitəsi, rayon icra hakimiyyətləri ilə birgə bu məsələlərə baxılır. Təbii ki, burada obyektiv və subyektiv məsələlər var. Qaçqın və məcburi köçkünlərimizin çox olduğu dövrdə bəzi tikililər tikildi”.

K. Heydərov qeyd edib ki, Prezident İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Bakıda çox sayda çoxmərtəbəli binaların istismara qəbulu da təmin olunub, sərəncam yeninə yetirilib: “İstismara qəbul üçün bütün lazımi sənədlər qaydaya salınıb, yol verilmiş texniki səhvlər aradan qaldırılıb, daha sonra da bu binalar istismara qəbul edilib”.

Fövqəladə hallar naziri prosesin digər rayonlarda da davam etdiyini nəzərə çatdırıb: “Yəqin ki, bir neçə ildən sonra Azərbaycanda qanunsuz tikililər olmayacaq. Çünki artıq hər kəs başa düşür və bilir ki, qanunsuz tikililər dövlət tərəfindən qəbul edilməyəcək. Adamlar bu qanunsuz tikililərin özləri üçün də təhlükə mənbəyi olduğunu başa düşürlər”.

Reaksiya.az

Şərhlər