İƏT ölkələrindən olan gənclər Gəncəyə səfər edib

13.12.2021 13:04     Sosreaksiya     312

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya üzrə Regional Mərkəzinin (ARM) təşkilatçılığı ilə 10 dekabr – İnsan Haqları Günü münasibətilə İƏT üzv ölkələrindən olan bir qrup gəncin  Gəncə şəhərinə səfəri baş tutub. Səfər çərçivəsində gəncləri qəbul edən Gəncə icra hakimiyyətinin başçısının birinci müavini Adil Tağıyev rəhbərlik adından onları salamlayıb, bu qədim şəhər haqda, eləcə də 44 günlük müharibə zamanı erməni terroru nəticəsində şəhid olan mülki şəxlər və şəhərin ifrasturukturuna dəymiş ziyanla bağlı məlumat verib.

Reaksiya.az xəbər verir ki,səfər çərçivəsində qonaqlar sözügedən müharibədə erməni işğalçılarının raket hücumuna məruz qalmış ailələrlə görüşüblər, həmçinin, Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər, daha sonra “İƏT üzv-ölkələrində insan haqları” mövzusunda dəyirmi masada iştirak ediblər. Dəyirmi masada Müstəqil Daimi İnsan Haqları Komissiyası iclasının simulyasiyası baş tutub. Sözügedən səfərə Azərbaycanda təhsil alan 23 İƏT üzv ölkəsindən (Türkiyə, Pakistan, Qazaxıstan, Tacikistan, Özbəkistan, İordaniya, Misir, Yəmən, Qambiya, Mozambik, Nigeriya, Sierre-Leone və s.) 40-dan çox gənc qatılıb. Səfər zamanı qonaqları millət vəkili Müşfiq Cəfərov və Gəncə şəhər icra hakimiyyətinin nümayəndəsi müşayiət edərək onları maraqlandıran suallara cavab verib.

İƏT Gənclər Forumunun Avrasiya üzrə Regional Mərkəzinin Direktor vəzifələrini icra edən Vüsal Qurbanov  Gəncə şəhər rəhbərliyinə öz təşəkkürünü bildirib, bu cür səfərlərin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından əhəmiyyətini qeyd edib.

Sudanlı tələbə Musa Sisi öz təəssüratlarını belə bölüşüb: “Mənim Gəncəyə ilk səfərimdir. Daim Azərbaycanın haqq davasının yanında olmuşuq. Burada gördüklərim isə məni çox məyus etdi. Erməni vəhşiliyi nəticəsində mülki əhaliyə qarşı törədilən bu cinayət qəbuledilməzdir. Mən burda gördüklərimi  ölkəmdə ictimaiyyətə çatdırıb insanlarımızı məlumatlandıracam”. 

Pakistanlı tələbə Mobine Mehdi isə bunları qeyd edib: “Biz bu kədəri azərbaycanlı qardaş və bacılarım ilə bölüşürük. Bütün bunlara baxmayaraq, müharibə dönəmində Gəncə əhalisinin mərdliyinə də çox heyran qaldım. 10 dekabr – İnsan Haqları Günü kimi qeyd olunur, bura gəlişimizdə məqsəd müharibə zamanı terrordan əziyyət çəkən insanların haqq səsini dünyaya çatdırmaqdır.“

 

Reaksiya.az

Şərhlər