BAMF-ın sədri Umud Mirzəyev Macar Turan Cəmiyyətinin diplomu ilə təltif olunub - FOTOLAR

19.08.2015 01:28     Sosreaksiya     2503

14-16 Avqust tarixlərində Macarıstanın Buqaç bölgəsində yerləşən Kişkunçaq milli parkında Macarıstan Turan Cəmiyyətinin təşkilatçılığı ilə "Atilla günü" keçirilib. Bu ilki "Atilla günü" gələn il təşkil olunacaq VI Hun-Türk qurultayına hazırlıq xarakteri daşıyır, macarları qədim əcdadları olan hunlar və əski türklərlə daha yaxından tanış etmək məqsədi daşıyır.

Mərasim məşhur hun sərkərdəsi Atillanın xatirəsinə həsr olunmuşdur və bu törən bəzən də”Əcdadlar günü” kimi də adlandırılır.

Tarixi-bədii şou kimi düşünülən " Atilla günü"nün açılış mərasimində Macarıstan Parlamentinin vitse-spikeri, tanınmış tarixçi və dramaturq Şandor Layoş, Macarıstan Turan cəmiyyətinin prezidenti Andraş Biro, Macarıstandakı Türkiyə səfiri Şakir Fakılı, Qazaxıstanın Macarıstandakı səfiri Nurbax Rüstəmov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, BAMF-ın sədri Umud Mirzəyev, hazırda Almaniyada yaşayan tanınmış azərbaycanlı rəssam Əşrəf Heybətov, TİKA təmsilçiləri, dünyanın müxtəlif ölkələrindən gəlmiş türk icmalarının nümayəndələri iştirak ediblər.

Mərasimidə çıxış edən BAMF-ın sədri Umud Mirzəyev bu cür tədbirlərin eyni kökdən, eyni soydan olan və eyni taleləri yaşamış insanların daha da çox bir-birlərini tanıması, bir-birlərinin yanında olması baxımından önəmli olduğunu  vurğulayıb.

Almaniyada yaşayan tanınmış azərbaycanlı rəssam Əşrəf Heybətov hun tayfalarının əfsanəvi başçısı, məşhur sərkərdə Atillanın özü tərəfindən çəkilmiş portretini Macar Turan cəmiyyətinə hədiyyə edib.

" Atilla günü"nün açılış mərasimində Azərbaycan və Macarıstan arasındakı qarşılıqlı mədəni əlaqələrin inkişafındakı xidmətlərinə görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Macar Turan Cəmiyyətinin diplomu ilə təltif olunub.

Daha sonra qədim türklərin hərbi məharətini əks etdirən döyüş səhnələri göstərilmiş, cıdır yarışı, çovkan oyunu, ox atma müsabiqəsi keçirilib. Cəmiyyətin təşəbbüsü ilə yaradılan və Macarıstanın türk köklərini göstərən səyyar muzeylə tanışlıq da böyük maraqla qarşılanıb. Axşam isə tonqal işığında qədim türk melodiyalarından və şaman musiqisindən ibarət konsert proqramı təşkil edilib.

Şərhlər

Çox oxunanlar