Deputat yas mərasimlərinə icazə verilməsini təklif etdi

14.12.2021 12:55     Sosreaksiya     309

“Bu gün Azərbaycanda 150 nəfərlik toyların keçirilməsinə icazə verilir. Operativ qərargah və müvafiq dövlət orqanları COVİD virusunu nəzarət altında saxlaya bilir. Digər tərəfdən insanlar özləri də məsuliyyətli olub və qorunur. Müxtəlif olduğum yerlərdə onlarla vətəndaş yaxınlaşır xahiş edir ki, yasların da keçirilməsinə icazə verilsin. Hüzürü düşən adam həyətində başsağlıqlarını qəbul etmək üçün incidilməsin. Elə rayonlar var ki, qaydaları bir az yumşaq tətbiq edir, elə rayon və şəhərlər də var ki, daha sərt. Nə fərqi var ki, məclis məclisdir. Qoy yas məclislərinə də 100-150 nəfər civarında icazə verilsin”.

Musavat.com bildirir ki, deputat Razi Nurullayev bu fikirləri parlamentdəki çıxışında söyləyib. Ardınca Operativ Qərargahdan bu məsələyə operativ baxmağı xahiş etdi: “Belə çıxmasın ki, insanlar toyda yoluxmur, yasda yoluxur. Onsuz da qadınlar evlərdə yığışıb yas edir və bunun qarşısını almaq mümkün deyil. Kişilər isə qayda-qanunlara daha uyğun hərəkət edə və məsafə saxlaya bilər”.

R.Nurullayev dini inancları olan şəxslərlə bağlı da məsələ qaldırıb: “Məscidlərdə 50 nəfərin sayının toy sayına bərabərləşdirilməsi, ən azı 100 nəfərə çatdırılması ədalətli olardı. Eyni zamanda eyni vaxtda namaz qılanların da sayının 15 nəfər müəyyən edilməsi sosial narazılıq yaradıb. Din adamları gündə üç dəfə dəstəmaz alır və təmizliyə daha çox riayət edir. Onun üçün də mənə müraciət edən onlarla din xadimləri adından operativ qərargahdan bu məsələyə də operativ baxılmasını istəyirəm. Ümid edirəm ki, bu məsələ ilə bağlı izahat və açıqlamanı da bu gün ya sabah eşidərik. Arzum budur ki, aidiyyatı orqanlar deputatların qaldırdıqları məsələlərə mütləq münasibət bildirsinlər. Bir-birimizlə qarşılıqlı anlaşma və hörmət mühitində işləyək ki, münasibətlərimiz gərginləşməsin”.

Reaksiya.az

Şərhlər