"Boşanmalara sosial şəbəkələrin böyük təsiri var" - Fazil Mustafa
22.12.2021 12:41 Sosreaksiya 451
"Boşanmalara sosial şəbəkələrin böyük təsiri var". Musavat.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa deyib.
O qeyd edib ki, insanlar fikirlərini, hislərini virtual mühitdə lazımi səviyyədə ifadə etmədiklərinə görə ailədə problemlər yaşanır: "Amma bu sosial şəbəkənin günahı deyil. Məsələn, sosial şəbəkələr elmi tədqiqatın, Kolumbiyada narkotikanın, Azərbaycanda da qeybətin inkişafına təsir edir. Biz sosial şəbəkələrdə artıq mədəniləşmə amilini inkişaf etdirə bilmirik. Mədəni insanlar virtual mühitdən uzaqlaşmağa başlayıb. Burada dedi-qodu, gəvəzəlik, lağlağı ilə məşğul olanların sayı artıb.
Ailə dəyərlərini də bu cür açıqlığa çıxaranda, onun necə idarə olunacağı, hansı istiqamətə doğru irəliləyəcəyi müəmmalı qalır".
Millət vəkili əlavə edib ki, klassik ailə modelini bərpa etmək missiyasını yerinə yetirmirik:"Tədiqatlardan da göründüyü kimi, ailə münasibətlərini araşdırma immitasiyasından uzaqlaşa bilsək, daha böyük məsafə qət edə bilərik. Sağlamlıqla bağlı immitasiya var. Uşaqların məcburi dispanzerasiyasını normal həyata keçirə bilmədiyimizə görə, gələcək ailələrin problemlərini əvvəlcədən hazırlayırıq. Ailənin ilk problemi sağlamlıqla bağlı problemdir. İkinci, təhsil imitasiyası bizə imkan vermir ki, mədəni ailə modelinə keçid edək. Bu gün iki ailə bir-biri ilə mədəni səviyyədə müzakirə apara bilmir. Bu da təshil səviyyəsinin yaratdığı problemlərdən biridir.
Üçüncü problem isə tipik şəhər və kənd mədəniyyətinin ortadan qalxmasıdır. Azərbaycanda şəhərdə gecəqondu mədəniyyəti şəhər mədəniyyətini üstələyir. Kənddə isə şəhərdəki immitasiyası kənd həyatını üstələyir. Ailə kiçik dövlətdir deyirik. Əslində, bu gün qapalı ailə modelindən sosial şəbəkələr nəticəsində açıq ailə modelinə keçməyə məcbur oluruq. Bu gün qapalı mühitdən çıxan ailə açıq rəqabətə dayana bilmir".
Şərhlər