Deputat: "Küçələrdə yaşayan vətəndaşlarımızın da peyvəndələnməsi vacibdir"

23.12.2021 13:29     Sosreaksiya     440

Azərbaycanda, eləcə də paytaxt Bakıda xeyli sayda evsiz-eşiksiz, küçələrdə, yarımtikililərdə gecələyən insanlar var. Hansıki onlar ölkədə aparılan peyvəndləmə prosesindən kənarda qalır. Müvafiq qurumlar isə hələlik bu məsələ barəsində susmağa üstünlük verir.

Mövzu ilə bağlı iqtisadçı deputat Vüqar Bayramov Musavat.com-a danışıb. Deputat bildirib ki, dünya ölkələrində olduğu kimi Azərbaycanda da peyvəndləmə prosesi pulsuz olaraq həyata keçirildi və bu proses davam edir:

“Azərbaycan dövləti peyvəndlərin alınması üçün 500 milyona yaxın vəsait xərcləyib və bununla da vətəndaşlarımız pulsuz olaraq peyvənddən istifadə etmək imkanı qazanıblar.

Təbii ki, peyvəndləmə prosesi digər ölkələrdə olduğu kimi Azərbaycan dövlətinin də pandemiya dövründə əsas prioritet məsələlərindən biri idi. Bu baxımdan nəzərə almalıyıq ki, evi olmayan vətəndaşlarımızın da peyvəndlənmə prosesinə cəlb edilməsi olduqca vacibdir. Çünki onların bir qismi ümumiyyətlə, peyvənd olunmaq üçün hara müraciət etməli olduqları haqda məlumatlı deyillər. Əlbəttə ki, onlar üçün də peyvəndlənmə pulsuzdur. Amma düşünürəm ki, burada müraciətlə, onların prosesə cəlb edilməsi ilə bağlı işlərin sürətləndirilməsinə ehtiyac var. Ona görə də məqsədəuyğun olardı ki, Səhiyyə Nazirliyi və ƏƏSMN birgə həmin vətəndaşlarımızın peyvəndlənmə prosesinə cəlb edilməsi ilə bağlı xüsusi proqram həyata keçirsin. Bu proqrama eyni zamanda, İcbari Tibbi Sığorta Agentliyinin də cəlb edilməsi vacibdir və bununla da həmin vətəndaşlarımızın peyvənd prosesinə cəlb edilməsi mümkündür.

Virusun lokallaşması və minimumlaşdırılması üçün peyvənd olunmuş vətəndaşlarımızın sayının artırılması çox önəmlidir".

Şərhlər