Birinci Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmə veriləcək

24.12.2021 12:45     Sosreaksiya     428

Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsiningücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.

Musavat.com xəbər verir ki, fərmana əsasən, 1997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə birdəfəlik ödəmə veriləcək.

Xüsusilə, I dərəcə əlilliyə görə – 8,8 min manat; II dərəcə əlilliyə görə – 6,6 min manat; III dərəcə əlilliyə görə – 4,4 min manat manat məbləğlərdə birdəfəlik ödəmə veriləcək.

Ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.

Bu fərmanın sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir.

Həmçinin, fərmana əsasən, birdəfəlik ödəmənin verilməsi qaydasına dair təkliflərin hazırlanması, bu istiqamətdə yerinə yetiriləcək işlərin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Komissiya yaradılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, bu fərman 17-20 min şəxsi əhatə edəcək. 2022-ci ilin dövlət büdcəsindən bu məqsədlərə 50 milyon manat ayrılacaq.

Şərhlər