Qumar oyunlarına dair sərt qərarlar: dəyişiklik

28.12.2021 12:26     Sosreaksiya     719

“Topaz” və onlayn qumara da şamil ediləcəkmi...

Dövlət qumara savaş açdı. Milli Məclisin ötən gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi qərara alındı. Artıq bu dəyişiklikdən sonra qumar oyunlarının qanunsuz təşkili və keçirilməsi inzibati xəta sayılmayacaq, cinayət məsuliyyəti yaradacaq. Qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı cəzalar və cərimələr Cinayət Məcəlləsində əksini tapacaq. Bununla bağlı Cinayət Məcəlləsində 244-1-ci maddənin (Qumarxana təşkil etmə və ya saxlama) adı dəyişdirilərək “Qumar oyunlarının təşkili və ya keçirilməsi” adlandırılır və bu maddə yeni redaksiyada verilir. Başqa sözlə, qumar oyunlarının təşkili və keçirilməsi inzibati xəta kimi qiymətləndirilməyəcək, cinayət məsuliyyəti yaradacaq.

Musavat.com xəbər verir ki, bundan əvvəl qüvvədə olan qanuna görə, qumar oynamağa görə oyun ləvazimatı, habelə qumara qoyulmuş pul vəsaitləri və ya digər əmlak müsadirə edilməklə 400 manatdan 600 manatadək məbləğdə cərimə tətbiq olunurdu. Artıq qumar oynamağa görə oyun ləvazimatı, həmçinin qumar oyunu nəticəsində mərc qismində verilmiş (ödənilmiş) pul vəsaitləri və ya digər əmlak, qazanılmış uduş, mükafat və ya digər gəlir müsadirə edilməklə 5 min manat məbləğində cərimə tətbiq olunacaq.

(Parlamentdə I və II oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilən layihədə əksini tapan 401.1-ci maddədə qumar oyunlarının təşkilinə və ya keçirilməsinə görə inzibati xətanın törədilməsində alət olmuş predmet, habelə qumar oyunlarına qoyulmuş pul vəsaitləri və ya digər əmlak, uduş fondu, həmçinin qumar oyunu nəticəsində əldə edilmiş gəlir müsadirə edilməklə fiziki şəxslər 5 min manat məbləğdə, vəzifəli şəxslər 10 min manat məbləğdə, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə edilməsi təklif olunurdu. Ancaq III oxunuşda müzakirəyə təqdim edilən layihədə isə həmin maddə əksini tapmayıb-red.)

Qumara qarşı qanunvericilikdə sərt dəyişikliyə səbəb nədir? Nə baş verir? Dövlət hansı hesabları qapatmaq istəyir? Bakıda və ölkənin ayrı-ayrı yerlərində qeyri-leqal qumarxanaların olduğu deyilir. Ümumiyyətlə, Azərbaycanda kazinoların fəaliyyəti və digər buna bənzər əyləncə növləri qanunla qadağandır. Amma yeraltı dünyasının bəzi bosları bu qadağaları heçə sayaraq, fəaliyyət göstərir. Bu işləri aparanlar kimlərdir? Bir də bu dəyişiklik “Topaz” və buna bənzər fəaliyyətləri də öz təsiri altına alırmı? Yoxsa, əksinə, bu sahənin önünü açmaq üçün düşünülüb?

Yeri gəlmişkən, zaman-zaman qanunsuz olaraq internetdə onlayn qumar oyunlarının təşkil edilməsinin də şahidi olmuşuq. Xüsusilə də gənclərin internet vasitəsilə qumar oyunlarına cəlb edilməsi narahatlıq doğuran məsələdir, dəyişikliklər bu məsələyə də təsir edəcəkmi?

Mövzu ilə bağlı tanınmış ekspertlər “Yeni Müsavat”a fikirlərini bildiriblər.

Bizimlə söhbətdə Azərbaycan Dövlət İqtisad Universitetinin professoru, iqtisadçı-alim Elşad Məmmədov mövzu ilə bağlı bunları şərh edib: “Hesab edirəm ki, Azərbaycanda qumar oyunlarına nəzarətin sərtləşdirilməsi faktiki olaraq bir sıra amillərlə əlaqələndirilə bilər. Bu, bir tərəfdən bütövlükdə dünyada qeyri-leqal pul dövriyyəsinə nəzarətin gücləndirilməsinə əsaslanır. Bu proses bir tərəfdən hüquqi məna daşımaqla yanaşı iqtisadi cəhətdən də böyük önəm daşıyır. Çünki aparıcı mərkəzi banklar pul dövriyyəsini maksimum şəkildə nəzarətə götürməyə çalışır. Çünki pul dövriyyəsinin nəzarətdə olmaması inflyasiyanı bir qədər də artırır. Faktiki olaraq pul çapı ilə aparıcı mərkəzi banklar artıq iqtisadi artımı təmin edə bilmir. Çünki bu, inflyasiyanın sürətlənməsinə şərait yaradır. Ona görə mövcud olan pul kütləsinin daha çox nəzarətə götürülməsi bu gün həm federal ehtiyatlar sistemi, həm digər mərkəzi banklar tərəfindən prioritet istiqamət kimi götürülüb. Təsadüfi deyil ki, son illər ərzində devalvasiyalar da baş verdi və bununla da kapital faktiki olaraq geriyə, öz yaranma mərkəzinə - Amerika Birləşmiş Ştatlarına çəkilməsi üçün cəhd göstərildi. Bu, müəyyən qədər dünya iqtisadiyyatındakı artıq pul kütləsini geri çəkmiş oldu. Bu gün dünyada trendlər ondan ibarətdir ki, qeyri leqal pul dövriyyəsi demək olar ki, ekspert hesablamalarına görə minimuma çatır. Bax, bu yanaşma çərçivəsində mən hesab edirəm ki, nəinki Azərbaycanda, bütövlükdə dünyada qumar oyunları ilə bağlı sərtləşmə prosesi gedir və bu gedəcək. Məqsəd qeyri-leqal pul dövriyyəsinin həcminin minimuma çatdırılmasıdır ki, burada da əsas hədəflərdən biri məhz inflyasiya ilə dünya miqyasında mübarizəni  göstərmək olar. İkinci amil də düşünürəm ki, Azərbaycanda lotereya oyunlarının Türkiyə şirkətlərinə verilməsi ilə bağlı xəbərlər öndədir. Hesab edirəm ki, həmin o türk şirkətləri qeyri-leqal qumar oyunları ilə bağlı dövlət tərəfindən siyasətin sərtləşdirilməsini təklif edib və bu da onların ilk növbədə bazar maraqları ilə bağlıdır. Çünki dövriyyənin leqallaşdırılması onların maraqları çərçivəsindədir”.

“Qumar oyunlarının mənfi təsiri ilə bağlı cəmiyyətdə bilərəkdən təbliğat aparılmır”

İqtisadçı Elman Sadıqov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bildirib: “Qumar oyunları, qeyri-leqal oyunlarla bağlı bəzi ölkələrin müəyyən prinsipləri var. Burada, düzdür, dini amillər də var. Amma bundan daha önəmli olan iqtisadi amillərdir və millətin özünün rifahı məsələsidir. Hansı ölkələrdə ki  qumar oyunları mövcuddur, bu ölkələrdə həmin oyunlar üçün ayrıca yer olur. Nəyə görə? Həmin ölkələrdə hər addımbaşı qarşıya qumarxana çıxmır. Çünki qumar özü də qazanılmış adətdir. Oturuşmuş bir ”kültür"ü var. Amma bunun cəmiyyətə sirayət etməsi baxımından yanaşsaq, bu, Amerika kimi inkişaf etmiş ölkədə nisbətən aşağıdır. Məsələn, Almaniyada, Fransada, Yaponiyada, Cənubi Koreyada bu, ola bilməzmi?  Yox. Çünki artıq oradakı cəmiyyət o etapı keçib. Qumarın zərərinin mənfiliklərini artıq cəmiyyət görüb. Ona görə də qumarın müəyyən seqmenti var. Amma Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə hələ də cəmiyyət üçün bəla olduğu, insanlar üçün nə dərəcədə zərərli olduğu müəyyənləşməyib. Bizdə makroiqtisadiyyat mikroiqtisadiyyatdan asılıdır. Mikroiqtisadiyyatda baş verənlər əvvəl-axır makroiqtisadiyyatda özünü göstərir. Yəni pulu olmayan şəxslərin borcla qumar oynamaları, hətta bəziləri uzunmüddətli kreditə girərək bataqlığa düşürlər. Lotereya oyunları da qumar sayılır, amma bunlar arasında fərq var. Lotereya oyunlarında ev satmaq, böyük borclara düşmək olmur. İnsanlar bir dəfə şans üçün oynayırlar, sonra maraq göstərmirlər. Amma qumar bataqlıq kimi insanları özünə çəkir. Bir müddət əvvəl mən də bununla bağlı maraqlanırdım, bu sektorda olarkən görürdüm, insanlar mərc oyunlarında nə qədər uduzurlar. Hətta böyük məbləğdə kredit götürürlər, mərcdə uduzurlar. Bəzən də olurdu ki, başqasının adına kredit götürürdülər. Axtarış versəniz görərsiniz, ölkədə nə qədər qorxunc vəziyyət yaranıb. Kifayət qədər insan öz ailə əşyalarını satıb, böyük bir borca düşüblər. Hətta bir çox insanların öz iş yerlərinin kassalarından  oğurluq etməsinə səbəb mərc oyunlarında uduzaraq yaranan borcları olub. Belə faktlar çoxdur".    

İqtisadçının fikrincə, iqtisadiyyat üçün bu amillər o deməkdir ki, nə qədər çox insan müxtəlif səbəbdən borclansa, xüsusilə bu borclanmalar iqtisadi dəyər qazanmasa, bu, cəmiyyətin rifahının aşağı düşməsi deməkdir: “Bir var insan kredit götürüb mərcə qoyur və ömrünün sonuna kimi ödəməklə məşğul olur. Bir də var ki, insan maşınını satsın, kredit götürsün, təsərrüfat yaratsın, iş qursun, dəyər zənciri yaratsın. Çünki zatən o qazandıqları ilə yenə əldə edə biləcək. Ona görə də qumarın iqtisadiyyata mənfi təsir gücü düşündüyümüzdən də güclüdür.  Amma leqal olaraq işləyən mərc oyunu yerləri (”top.az":red) ki var, sual onlarla bağlı yaranır. Qərarlar digər qumar obyektlərinin bağlanıb bir yerin daha çox işləməsinə xidmət edəcək. Bir yer bağlanacaq, digərləri açılacaq, insanlar da ora axın edəcək. Bunu zaman göstərəcək".  

Sadıqov “Bəs internet üzərindən aparılan qumar oyunlarına qarşı hansı tədbirlər görülməldir” sualına da cavab verib: “Bu məsələ ilə bağlı mərhələli şəkildə addımlar atılmalıdır. İlk olaraq maliyyə savadlılığı artırılmalıdır. Maliyyə savadlılığı ilə bağlı təlimlər olsa da, bu onun anlayışını tam əhatə etmir. Maliyyə savadlılığı olsaydı, cəmiyyət heç vaxt bu vəziyyətə düşməzdi. İkincisi isə mütləq maarifləndirmə işləri aparılmalıdır. Sosial çarxlar çəkilməlidir. Məsələn, qumar oyununa görə insanın rəzil vəziyyətə düşməsi göstərilməlidir. Bunların heç birinin cəmiyyətdə bilərəkdən təbliğatı aparılmır. Amma təbliğat da düzgün aparılmalıdır ki, əks-təbliğata çevrilməsin”.

REAL Partiyasının icra katibi Natiq Cəfərli isə hesab edir ki, son təklif olunan qanunvericilik təşəbbüsləri bu sahədə müəyyən irəliləyişlərin olmasından xəbər verir: “Düzdür, cəzalar sərtləşdirilir ki, qeyri-qanuni oyunların keçirilməsinə müəyyən məhdudiyyətlər qoyulsun. Amma mənə elə gəlir ki, bu sahədə həm ”Azərlotereya", dövlət tərəfindən yaradılmış qurumlar, özəl sektor üçün də müəyyən güzəştlər olacaq. Hətta müəyyən fəaliyyət istiqamətləri yarana bilər. Ona görə də qanunvericiliyin sərtləşdirilməsi yox, qanunvericilikdə müəyyən düzəlişlərin edilməsi ilə bu sahədə də müəyyən dərəcədə yeni qaydaların tətbiqindən söhbət gedir. Müəyyən cərimələr artırılır, amma fəaliyyət sahələri də genişlənəcək. Mənə elə gəlir ki, yanvar ayından, yeni ildən biz bu sahədə müəyyən yeniliklər görə bilərik. O ki qaldı internet üzərindən kazinolara və yaxud da mərc oyunlarına nəzarət edilməsinə, açığı, bunu ciddi şəkildə nəzarətdə saxlamaq da mümkün deyil. Çünki vətəndaşlar da artıq öyrəniblər. Özləri bank kartları vasitəsilə müəyyən mərc oyunlarında iştirak edirlər. Internet üzərindən bunun hansısa bir formada məhdudlaşdırılması çox çətindir. Sadəcə, dövlət elə təşviq siyasəti yürüdülməlidir ki, xarici internet saytlarında yox, daxildə bu sahəyə marağı olan insanların daxildə müəyyən imkanları və fürsətləri yaransın ki, xarici saytlara üz tutmasınlar. Bununla bağlı müəyyən təşviqedici addımların atılması mümkündür. Amma ümumilikdə bunu tam qadağan eləmək və yaxud tam da belə nəzarətdə saxlamaq demək olar ki, mümkünsüzdür. Çünki internet üzərindən kifayət qədər sərbəst şəkildə bu əməliyyatları həyata keçirmək olur".

Qeyd edək ki, Azərbaycanda stimullaşdırıcı lotereyaları reklam edənlər də 50 min manat cərimə ediləcək.

Bu, Milli Məclisin ötən gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Dəyişiklik layihəsinə əsasən, keçirilməsi qadağan edilmiş və ya keçirilmə hüququ əldə edilməmiş stimullaşdırıcı lotereyaların və qeydiyyata alınmamış digər lotereyaların reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğdə cərimə ediləcək.

Şərhlər