Hüquqşünas Qarabağda kazino təklifinə etiraz etdi, dövlətçiliyə zərbə adlandırdı...

30.12.2021 13:36     Sosreaksiya     578

Hüquqşünas Qarabağda kazino təklifinə etiraz etdi, dövlətçiliyə zərbə adlandırdı...

Azərbaycanda kazinolar mövzusu bir neçə gündür gündəmdədir. Zaman-zaman bu məsələ müzakirə olunsa da, cəmiyyətin mənfi reaksiyası ilə nəticələndiyindən məsələ qapadılır. Azərbaycanda kazinolara niyə qadağa var? İqtisadçı ekspertlər bəzən bunun iqtisadi faydalarını da əsaslandırırlar. Və bu məqsədlə ölkəmizdən xaricə turist olaraq gedənlərin sayının çox olduğunu deyirlər, bunun turizmə fayda verəcəyini bildirirlər.

Musavat.com-un xəbərinə görə, sonuncu belə təklifi Milli Məclisdə deputat Qüdrət Həsənquliyev səsləndirib.  O, kazinoların işğaldan azad edilmiş rayonlarda açılmasını təklif etmişdi. Bir vaxtlar Hacı İbrahim də tikmək istədiyi “Xəzər Adaları”nda kazinolara icazə verilməsini istəmişdi. Hökumət isə nəinki kazinolara icazə vermədi, bugünlərdə qanunda qumara və mərc oyunlarına qarşı sərt cəzalar nəzərdə tutan dəyişikliklər etdi.

Cəmiyyətin əsas etirazı həm də şəhidlərimizin qanı bahasına düşməndən alınan müqəddəs torpaqlarımızda milli-dini dəyərlərimizə zidd olan kazinoların açılmasınadır.

Mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirdi ki, Azərbaycanın ən çətin illərdə belə kazinoya ehtiyacı olmayıb: “O zaman hələ neft pulları yox idi, mərhum prezidentimiz Heydər Əliyev buna qadağa qoydu. Halbuki o vaxt pula ehtiyacımız indikindən çox idi. Məsələnin həm mənəvi, həm tarixi, həm də dini tərəfləri var. Azərbaycan əhalisinin əksəriyyəti müsəlmandır. Qurani-Kərim mərc oyunlarını birbaşa qadağan edib. Kazino, mərc məsələləri birbaşa Quranda var və qadağan edilir. Bu, məsələnin dini tərəfidir. Məsələnin iqtisadi tərəfinə gəlincə, bəli, əlbəttə, kazinolar ölkə iqtisadiyyatına kifayət qədər gəlir gətirə bilər. Necə ki, narkotik çox gəlir gətirir, eyni şeydir. Bundan iqtisadi gəlir obyekti kimi istifadə təcrübəsi qərbdən gəlir. Gəlir gətirir, amma uzunmüddətli perspektivdə çox təhlükəli bir şeydir. Dövlətin siyasi və mənəvi dayanıqlığı təhlükə altına düşür. Mənəvi tərəfini bir kənara qoyaq. Bizim şəhidlərimiz öz qanını Qarabağda ona görə tökmədi ki, son nəticədə orada kazinolar açılsın. Dillərində ”Allahu Əkbər" deyən şəhidlərimiz öz canlarından ona görə keşməmişdi. Amma yenə də bunları belə nəzərə almasaq, mənəvi dəyərləri düşünməsək, bir şeyi dərk etməliyik ki, Azərbaycanın İkinci Qarabağ müharibəsində qələbəsi əlbəttə ki, hər şeydən əvvəl bizim xalqımızın bu məsələyə can yandırması, onu vahid ortaq dəyərə çevirməsinin nəticəsi idi. Kazino kimi əxlaqsız məsələlər insanları vətən anlamından uzaqlaşdırır. Çünki kazinoda əsas qazanan yenə də xalq olmayacaq".

Əkrəm Həsənovun sözlərinə görə, onsuz da Azərbaycan xalqı ölkəmizdə bərabərsizliyin olmasından xeyli narazıdır: “Azərbaycanda sosial narazılıq var. Bu, sosial narazılığı daha da artıracaq. İnsanları dövlətdən təcrid edəcək. Yəni azərbaycanlılar ermənilərə yalnız ona görə qalib gəlmədilər ki, hərbi- siyasi cəhətdən güclüyük, say baxımından çoxuq. Amma eyni şeylər elə 90-cı illərdə də var idi. Biz ilk növbədə mənəvi baxımdan güclüyük, bizdə  dövlətçiliyə bağlılıq, ailəyə bağlılıq daha çoxdur. Harada ki, kazinolar var, orada ailə institutu dağılır. Biz tarixən digər ölkələrdə də bunun şahidi olmuşuq. Müharibəni udmaqla məsələ bitmir,  hələ çağırışlar qabaqdadır. Azərbaycan xalqı vahid olmasa, dövlətçiliyinə bağlı olmasa, onun qələbəsindən başqa cür istifadə olunmasını görsə, bu zaman dövlətçiliyə bağlanması zəifləyə bilər. Bu da gələcəkdə bizimçün çox ciddi fəsadlar törədə bilər. Düşünər ki, biz buna görəmi vuruşmuşuq? Bundan sonra Vətən üçün vuruşmağa ehtiyac varmı? Bu çox mühüm şeydi. Elə məhz iqtisadiyyat da insanların əminliyi əsasında inkişaf edir. Bu əminlik olmasa, insanlarımız bu Vətəni özününkü bilməsə, hansısa Con gəlib Qarabağda kazinoda oynasa, nəticə əvvəlki kimi olmayacaq”.

Ekspertin sözlərinə görə, bu gün Azərbaycanda başqa problemlər var, çox ciddi problemlər var. Ailə institutunda çox ciddi problemlər var, bu barədə danışan yoxdur. Biz o qədər problemin üstündən keçib kazinoları təklif etsək dövlətçiliyimizə zərər vurmuş olarıq. Haradasa Las-Veqasda bu, uğur qazana bilər, onlar böyük dövlətdirlər, çoxdurlar. Biz isə kiçik dövlətik, bizdə belə şeylər çox pis nəticə ilə qurtara bilər, dövlətçiliyə zərər vura bilər. Mənim sualım həmin deputatadır, siz hələ Azərbaycanda normal iqtisadiyyat qura bilməmisiz, indi də belə variantlar axtarırsınız. Qarabağdakı inkişaf üçün Azərbaycana normal qanunlar, normal məhkəmələr lazımdır. Bu halda inkişaf olacaq. Bizim  deputatlar bunu təmin edə bilmirlər. Hər bir ölkənin iqtisadi konstitusiyası onun Mülki Məcəlləsidir. 20 ildən çoxdur ki, Azərbaycanda çox bərbad bir Mülki Məcəllə var. Hər bir deputatımız buna görə cavabdehdir. Heç birindən bir dəfə təşəbbüs görməmişəm. Bu ölkədə iqtisadi inkişaf olması üçün nə etdiniz? Əmin olun ki, deputatlarımızın ən azı 95  faizinin bu qanunlardan xəbərləri yoxdur, anlayışları yoxdur.

Kazino məsələsinin ola bilər ki, qısamüddətli bir iqtisadi effekti olsun. Amma uzunmüddətli perspektivdə bu, Azərbaycan dövlətinə zərbədir".

 

Şərhlər