"Bu, uşaqlara pis təsir edəcək" - Ekspert rəyi

19.08.2015 12:51     Sosreaksiya     3604

Xəbər verildiyi kimi, yeni dərs ilindən etibarən bəzi məktəblərdə dərslərin zamanı dəyişə bilər. Bu barədə Təhsil Nazirliyi Nazirlər Kabinetinə  təklif göndərilib.

Təklifdə nəqliyyat sıxlığı yüksək olan ərazilərdə yerləşən orta məktəblərdə ibtidai siniflərlə yuxarı siniflərdə dərslərin başlanmasında zamanın dəyişdirlməsi nəzərdə tutulur. Yuxarı siniflərin dərsə bir az erkən, saat 08:00-da, ibtidai siniflərin isə 08:50 və yaxud 09:00-da başlaması təklif olunub.

Məsələ ilə bağlı Reaksiya.az-a açıqlama verən təhsil üzrə ekspert Etibar Əliyev bu dəyişikliyin nəticəsinin pis olacağını bildirib:

“Bu məsələdən elə anlaşılır ki, tıxaclar həmin o yarım saaatda baş verir. Onda dərsdən sonrakı tıxaclar necə olacaq? Yəqin ki, dərsdən sonra yarım saat artıq saxlayarlar. Bu qərar qəbul edilərsə, uşaqlara psixoloji cəhətdən mənfi təsir edəcəyi yəqindir. Vaxtın bölünməsini nizamlayana qədər isə tədris ili arxada qalacaq. Bunun da nəticəsi çox güman ki pis olacaq”.

Təhsil üzrə ekspert Məlahət Mürşüdlü isə hesab edir ki, bu qərarın qəbul olunması həm maddi cəhətdən, həm vaxt cəhətdən faydalı deyil: "Bu təklif qəbul edilərsə, bu tədbirin bəzi şəhər məktəblərində tətbiq edilməsində problemlər yaranacaq. Ən çox da bu problemin ağırlığını şagirdlər, valideynlər və məktəb daşıyacaq. Evində 2 və ya 3 uşağı oxuyan valideyn öz iş qrafikini necə nizamlayacaqdır ki, X, VII, III siniflərdə oxuyan övladını normal bir şəkildə məktəbə yola salsın, qarşılasın, dərsləri ilə maraqlansın. Və yaxud da uşaqları məktəbə aparan maşınlar, servis xidməti göstərən mikroavtobuslar bir qapıya neçə dəfə gələcək? Bu, həm maddi cəhətdən, həm də vaxt baxımından faydalı deyil. Digər tərəfdən isə uşaqlarda psixoloji gərginliyin artmasına da təsir edə bilir. Yorğunluq, gün rejiminin pozulması bu sıraya daxildir".

 

Şərhlər

Çox oxunanlar