Ruslan Əliyev müharibə iştirakçıları ilə görüşdü
13.01.2022 14:56 Sosreaksiya 331
“Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev 1-ci Qarabağ müharibəsinin iştirakçıları ilə görüş keçirib.
Birlikdən Reaksiya.az-a verilən məlumata görə, baş direktor qazilərin iş və həyat şəraitləri, mövcud vəziyyətləri ilə yaxından maraqlanıb.
Müharibə iştirakçılarına problem və təkliflərini səsləndirmələri üçün imkan yaradılıb.
Baş direktor müharibə iştirakçıları, qazi və şəhid ailələrinin rifahının yaxşılaşdırılmasının daim dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd edərək, “Azəriqaz” İB-nin də bu həssas əhali qrupunun nümayəndələrinə hər zaman xüsusi diqqət ayırdığını bildirib.
Birlik rəhbəri yalnız qaz təchizatı ilə bağlı deyil, müharibə iştirakçıları, şəhid ailələri və müharibə əlilləri tərəfindən Birlikdə müvafiq işlə təmin olunmaları ilə bağlı daxil olan müraciətlərə də həssaslıqla yanaşıldığını vurğulayıb.
Baş direktor “Azəriqaz” İstehsalat Birliyi üzrə 537 nəfər Qarabağ müharibəsi iştirakçısı və şəhid ailəsinin üzvü olduğunu görüş iştirakçılarının nəzərinə çatdırıb.
Ruslan Əliyev ünvanlanan bütün müraciətlərin araşdırılması, qazilərə köməklik edilməsi üçün Birliyin müvafiq struktur rəhbərlərinə tapşırıq verib.
Qazilər göstərdiyi diqqət və qayğıya görə “Azəriqaz” İB-nin baş direktoruna təşəkkür ediblər.
Şərhlər